Bakıda tanımadığı şəxsin ölümünə səbəb olmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elman İbrahimovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Elman İbrahimova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Elman İbrahimovun hökmü eşidən zaman ürəyi gedib.
İttihamda yazılır ki, hadisə Bakıda inzibati qaydada saxlanılanların Müvəqqəti Saxlanma Yerində baş verib. E.İbrahimov onunla birgə saxlanılan Çingiz Xəlilovla dava edərək onu döyüb və xəstəxanaya yerləşdirilən Ç.Xəlilov orada ölüb.
Amma E.İbrahimov bununla razılaşmır. Məhkəmədə ifadə verən E. İbrahimov heç kimi öldürmədiyini deyir.
"Kamerada yatmışdım, qəfildən kimsə barmaqlarını gözümə soxdu. Oyanıb gördüm ki, o adam üstümdə oturub, dizini də sinəmə qoyub. Mən onu itələdim, yıxıldı. Sonra da polislər gəlib onu apardılar, Çingizi o qədər döydülər ki, üst-başı qanın içində idi. Sonra gəlib mənə dedilər ki, sən sakit adamsan, amma bir də belə olsa, səni də döyəcəyik. Çingiz otaqda gəzirdi, halı özündə idi, qəfildən yerə yıxıldı. Onu apardılar xəstəxanaya, biraz keçəndən sonra polislər gəlib məni döyməyə başladı. Niyə döydüklərini də demirdilər" - deyən Ə.İbrahimov sonradan Çingizin öldüyünü öyrəndiyini bildirib.
E.İbrahimov məhkəməyə müraciət edərək görüntülərin izlənilməsini istəyib: "Cənab hakim, sənədlərin içində 17 dəqiqəlik video var, xahiş edirəm ona tam baxın. Orada görəcəksiniz ki, polislər Çingizi neçə dəfə kameradan çıxarıb aparırlar, biraz keçəndən sonra gətirirlər. Hər dəfə aparanda döyüb gətirirdilər. Çingiz mənlə mübahisə etmədən əvvəl də neçə dəfə polislər onu döymüşdü. Mən kişi kimi deyirəm ki, o adamı mən öldürməmişəm".
Qeyd edək ki, E.İbrahimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilir.(musavat.com)



































































































