Son bir ayda cəbhə xəttimizdə baş verən gərginlikdə bir məqam diqqət çəkdi. 1995-2013-cü illərdə Azərbaycanın müdafiə naziri olmuş Səfər Əbiyev ortalıqda görünmədi. Təsadüfi deyil ki, 18 il nazir olan bu şəxsin bir dəfə də olsun, müharibə ilə bağlı açıqlamasının şahidi olmadıq.
Sabiq nazirin varlığından-yoxluğundan hər kəs xəbərsizdir. Onun gah Çexiyada olduğu, gah da Azərbaycanı tərk etmədiyi haqda şayiələr dolaşır. Bir faktı da qeyd edək ki, aylardır Əbiyevin keçmiş müavini Mehman Səlimovun üzərində gedən məhkəmə günlər öncə yekunlaşıb və o, 8 il müddətində azadlıqdan məhrum edilib. Məhkəmə proseslərində birbaşa adı hallanan sabiq müdafiə nazirimiz bir dəfə də olsun ki, prosesdə iştirak etməyib.
Əbiyevin yoxluğunun fonunda bir məsələ də gündəmə gəlib: uzun müddət müdafiə naziri işləmiş bir şəxsin ölkəni tərk etməsinin yarada biləcəyi təhlükələr hazırda əsas müzakirə mövzudur. Çünki 18 il nazir olan şəxs heç şübhəsiz ki, hərbi sirlərimiz barədə məlumatlıdır. Əslində qalsa, dünya ölkələrinin əksəriyyətində müdafiə naziri işləyən şəxs vəzifəsindən getdiyi zaman onun ölkədən çıxışı da qadağan olunur.
Politoloq Qabil Hüseynli bildirdi ki, Əbiyevin son proseslərlə bağlı fikir bildirməməsi ciddi qəbahətdir: “Uzun müddət müdafiə naziri işləmiş bir şəxs ordumuzun hazırkı uğurları ilə bağlı fikir bildirmirsə, deməli, bu şəxs nazir olduğu 18 il ərzində ordu quruculuğunda ciddi uğur qazanmadığını etiraf edir. Onun bu məsələlərə qibtə hissi ilə yanaşdığının şahidi oluruq. İndiki nazir iki ildir çalışır. Bu illər ərzində bölgənin ən güclü ordusunu yarada bildi. Əlbəttə, bu işdə ölkənin Ali Baş Komandanının da böyük rolu var. İndiki nazir qurduğu ordunu təkmilləşdirməkdə davam edir. Səfər Əbiyev isə ”x9dkabinet naziri" idi. Ordudakı təlimlərə də diqqət ayırmırdı. Onun dövründə hərbi təlimlər nadir hallarda keçirilirdi. Zakir Həsənov nazir gələndən ordu bir an da sakit dayanmır. Bir sözlə, Azərbaycan ordusunu ön sıralara çıxara bildi".

Politoloq sabiq müdafiə naziri ilə bağlı cəmiyyət daxilində müxtəlif fikirlər dolaşdığını da qeyd etdi: “Əbiyevin böyük malikanələrinin olması barədə fikirlər var. Bunların heç birini o, inkar etmir. Hətta reaksiya belə bildirmir. Bunun özü də ciddi əskiklikdir. Bu şəxs heç olmasa, onu tənqid edənlərə fikir bildirməlidir. Amma bunu da bacarmır. Ümumiyyətlə, müdafiə naziri işləyən şəxsin ölkədən kənarda yaşamasına icazə verilməməlidir. Hərbi, dövlət sirlərini bilən şəxsin ölkədən çıxışına ən azı 10-15 il qadağa qoyurlar. Elə ölkələr var ki, müdafiə naziri olmuş şəxs ömrünün axırına qədər ölkəni tərk edə bilmir. Əgər Əbiyev doğrudan da xaricdə yaşayırsa, bu çox anormal bir haldır. Bu, Azərbaycan ordusuna zərər verə biləcək ehtimalları olan hallardan biri kimi qiymətləndirilməlidir”x9d.
Q.Hüseynli Əbiyevin müavininin məhkəməsində iştirak etməməsinə də toxundu: “Çox təəccüblü bir haldır. Onun müavini olmuş şəxs kütləvi yeyinti hallarına görə həbs edilib. Həbslə bağlı müəyyən məqamlarda Əbiyevin də adı keçirdi. Belə olan halda müavini ilə yanaşı onun da məsuliyyətinin yarandığını, zənnimcə, etiraf etmək lazımdır. Əgər bir şəxs 10 ildən artıq orduda çalışırsa, təchizat işi ilə məşğul olursa, yeyinti halları ortaya çıxırsa, o zaman bu iş bir şəxsin üzərinə yıxılmamalıdır. Ən azından burada birinci şəxsin məsuliyyəti müəyyən edilməli və onun ətrafında da istintaq işləri aparılmasına, düşünürəm ki, ehtiyac var”x9d.
Hərbi ekspert Üzeyir Cəfərov hər bir şəxsin üzərinə düşən iş barədə cəmiyyətə hesabat verməli olduğunu qeyd etdi: “Hesabat vermək normal bir haldır və ölkənin göstəricilərindən biridir. Sabiq müdafiə naziri də nadir hallarda mətbuat qarşısına çıxırdı. Ondan fərqli olaraq, hazırkı müdafiə naziri tamam fərqli mövqe nümayiş etdirir. Bu mövqe də müharibə aparan ölkənin birinci əsgəri üçün yaxşı haldır. Amma bu gündən danışaq. Gedənin arxasınca danışmağı sevmirəm. Keçmiş və indinin özündə yaxşı işlər də var, mənfilər də. Elin gözü tərəzidir. İndiki nazirin gördüyü işlər göz qabağındadır. Təkcə sabiq müdafiə naziri Səfər Əbiyev deyil, başqaları da var. Onları da bu proseslərdə görmək istərdim. İndi çoxları danışmır, niyə danışmırlar? Bundan ağır gün də ola bilərmi? Hər kəs danışmalı, öz kanalları ilə təbliğat aparmalıdır. Müharibə təkcə cəbhədə olmur, informasiya savaşı da əsas rol oynayır”x9d.(musavat.com)


































































































