Millət vəkili Əli Hüseynli maraqlı bir təklif səsləndirərək, dövlət məmurlarını ölkədə istirahət etməyə üstünlük verməyə çağırıb. Deputat bunu daxili turizmin inkişafı üçün təklif etdiyini bildirib.
Belə ki, ABŞ Konqresində Azərbaycan vətəndaşlarına viza verilməməsi məsələsinə münasibət bildirən Ə.Hüseynli qeyd edib ki, vizalardan daha çox məmurlar istifadə edir və onlara verilməsə daha yaxşıdır: “İndi elə məqamdır ki, rəsmi şəxslər nə qədər çox Azərbaycanda olsalar, bir o qədər yaxşıdır. İstirahəti də Azərbaycanda etmək lazımdır. Əgər rəsmi, vəzifəli şəxslərə vizalar verilməsə, ölkəmiz daha çox qazanar. Yəni demək istəyirəm, bu, hamımız üçün yaxşı olar. Azərbaycanda turizmi inkişaf etdirmək lazımdır. Rəsmi şəxslər istirahətlərini ölkəmizin gözəl guşələrinin birində etməlidir. Turizm sahəsi harada yaxşı deyilsə, düzəltsinlər”x9d.
Qeyd edək ki, buna bənzər fikri Rusiya prezindenti Vladimir Putin də irəli sürüb və o, rusiyalı məmurlardan xaricdə deyil, ölkə daxilində istirahət etməyi tələb edib. Putin daha da irəli gedərək bütün məmurlardan tələb edib ki, onlar yalnız Vahid İqtisadi Məkana daxil olan ölkələrin (Rusiya, Belarus və Qazaxıstan) ərazisində istehsal olunan avtomobillərdən, əsasən “VAZ”x9ddan istifadə etsinlər.
Ölkənin iqtisadi durumunu nəzərə alaraq, belə bir qərarın verilməsinə münasibət bildirən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə qeyd etdi ki, ölkə turizmini inkişaf etdirməklə təkcə məmurların deyil, bütün vətəndaşların diqqətini daxili turizmə cəlb etmək lazımdır: “Ümumiyyətlə, indiki zamanda, iqtisadiyyatın bu cür böhranlı vəziyyətində kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı yaxşı olar ki, ölkəsinə xeyir gətirmək üçün daxili turizmin imkanlarından yararlansın. Vəzifəsindən asılı olmayaraq insanlar Azərbaycanda istirahət etsələr daha yaxşı olar və dövlətə də xeyir vermiş olarlar.
Azərbaycan turizmində müəyyən problemlər də var. Birincisi, qiymətlərlə əlaqədar müəyyən problemlər var. Bizdə qiymətlər müəyyən qədər yüksək olduğu üçün insanlar həmin qiymətə xaricdə istirahət etməyə üstünlük verirlər. Bununla əlaqədar da monitorinq aparmaq və müəyyən işlər görmək lazımdır. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də çıxışında bu məsələyə toxunub. Əsas problemlərdən biri budur”x9d.
Milli Məclis üzvünün sözlərinə görə, bu sahədə əsas problem xidmətin səviyyəsi ilə bağlıdır: “Xidmət elə səviyyədə olmalıdır ki, insanlar xaricə getməsin, daim Azərbaycanda istirahət etsinlər. Son zamanlar Azərbaycanda yaxşı beşulduzlu otellər meydana gəlib. Xidmət səviyyəsi müəyyən qədər yüksəlib. Rayonlarda yaxşı istirahət güşələri yaradılıb. Turizm imkanları müəyyən qədər genişlənib. Çalışmaq lazımdır ki, bu işdə təbliğat da yüksək səviyyədə olsun, televiziyalarda reklamlar verilsin. Bu yolla insanları cəlb etmək lazımdır ki, xaricə üz tutmaqdansa ölkədə istirahət etsinlər. Turizm Nazirliyi bu istiqamətdə müəyyən işlər görürlər. Otellər xidmət səviyyəsini yoxlayırlar, sertifikasiya verirlər. Düzdür, buna müəyyən qədər vaxt da lazımdır. Lakin dünyadakı iqtisadi vəziyyət vaxtı gözləmir, biz çalışmalıyıq ki, daha tez buna nail olaq”x9d.
Turizm üzrə ekspert Çingiz İsmayılov isə qeyd etdi ki, bu, hər bir insana şamil oluna bilər və məmurlar üçün xüsusi qanun yazmağa və ya məhdudiyyət qoymağa ehtiyac yoxdur: “Çünki, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş istirahət etməkdə sərbəstdir. Əgər Milli Məclisdə belə bir məsələ müzakirəyə çıxarılıbsa və məmurlara şamil olunursa, buna məmurlar da öz münasibətlərini bildirməlidirlər. Hər bir vətəndaşın haqqı var ki, istirahətini harada edəcəyini özü seçsin. Təbii ki, burada ölkənin iqtisadi durumu, dövlətin maraqları da nəzərə alınsa yaxşı olar.
Ancaq məmurlar özləri dəyərləndirməlidirlər ki, müasir iqtisadi vəziyyətdə harada istirahət etsələr, daha yaxşı olar. Turizm xidmət sahəsidir. Bazar iqtisadiyyatı şəraitində burada iki amil önəmlidir, xidmətin qiyməti və keyfiyyəti... Keyfiyyət yüksəkdirsə və qiymətlər aşağıdırsa, əlbəttə o insanlar üçün cəlbedici olacaq və onlar ölkədə istirahət etməkdə maraqlı olacaqlar. Bu məsələ məmurlar üçün xüsusi qoyulmamalıdır. Daxili turizmi hər kəs üçün cəlbedici etmək lazımdır. Qiymət baxımından əlverişli olsa, keyfiyyət də yüksək olsa, o zaman ölkəmizin turizmi rəqabətə davamlı olar, xüsusi qanunlar çıxarmağa ehtiyac da olmaz. Həm də turizm inkişaf edər”x9d. (musavat.com)



































































































