Şəxsin vəfat etməsi onun sağlığında yaranmış kommunal borcların taleyi ilə bağlı bir sıra hüquqi suallar doğurur. Xüsusilə elektrik enerjisi, qaz, su və digər kommunal xidmətlər üzrə yaranan borcların kim tərəfindən ödənilməli olduğu, eləcə də borclara görə vərəsələrin məsuliyyət daşıyıb-daşımaması məsələsi maraq doğurur.
Maraqlıdır, şəxs vəfat etdikdən sonra onun adına qeydə alınmış kommunal borcların taleyi necə müəyyən olunur? Bu borclar avtomatik olaraq vərəsələrin üzərinə keçir, yoxsa qanunvericiliklə müəyyən edilmiş xüsusi qaydalar tətbiq edilir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ramil Süleymanovun sözlərinə görə vəfat edən şəxsin vərəsələri əgər onun əmlakını qəbul edirlərsə, bütün öhdəliklərini də qəbul etmiş sayılırlar:
“Bu öhdəliklər əmlakın həcminə görə müəyyən edilir. Bununla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində konkret müddəalar mövcuddur. Həmçinin eləcə də vəfat edən şəxsin adına kommunal borclar varsa, bu, onun varisləri, əmlakı qəbul edən şəxslər tərəfindən ödənilməlidir”, - deyə müsahibimiz bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasın tərkibinə miras qoyanın öldüyü vaxt malik olduğu əmlak hüquqları və vəzifələri daxildir.
Kommunal xidmətlər üzrə yaranmış və şəxsi xarakter daşımayan, əmlak xarakterli borclar, bir qayda olaraq, miras qoyanın digər öhdəlikləri kimi qiymətləndirilir. Bu baxımdan, şəxsin vəfat etməsi həmin borcların öz-özünə ləğv olunmasına səbəb olmur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorları qarşısında aldıqları miras aktivindəki paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.
Nəzrin Mirzəyeva, Bizim.Media


































































































