Bəzi tarixlər var ki, nəinki təqvimə, qəlblərə də həkk olunur, həm də qara haşiyə ilə... Bu tarixin haşiyəsini illər silə bilmir, zaman unutdurmur. 5 fevral 1993-cü ildə 17 ailənin həyatını əbədi dəyişən, onları ömürlük həsrətə məhkum edən qara haşiyəli təqvim kimi...
Şəhidlərin adları sadəcə Vətənin abidələrində, kitablarında deyil, həm də səssiz xatirələrində yaşayır. Bəzən bir məktubda, köhnəlmiş bir fotoşəkildə, bəzən də illərdir yolunu gözləyən anaların, bacıların baxışlarında yaşamağa davam edirlər.
Bu adlardan biri də Seymur Ərziman oğlu Rəhimovdur.
Seymur 13 iyun 1973-cü ildə Ağdaşda dünyaya göz açıb. Ailənin altıncı övladı idi. Hələ uşaqlıq illərindən öz istedadı və bacarığı ilə seçilirdi. Onu tanıyanların yaddaşında yalnız qayğıkeş bir övlad, mehriban bir qardaş kimi deyil, həm də istedadlı rəssam kimi qalıb.
Seymurun fırçasından doğulan əsərlərdə adi bir gözəllikdən daha artıq məna vardı. Bu rəsmlərdə Vətən sevgisi, azad Qarabağ arzusu yaşayırdı. Sanki o, gələcəyin mənzərəsini rənglərlə çəkir, qəlbindəki Vətən sevgisini fırça ilə kağıza köçürürdü.
Amma Seymurun taleyinə çəkə bilmədiyi rəsmlər, yaşaya bilmədiyi sabahlar da yazılmışdı...
Fırçadan silaha uzanan Vətən sevgisi
1993-cü ildə, Qarabağ müharibəsinin ən ağır və qanlı dövründə Seymur hərbi xidmətə yollandı. Həmin ilin fevral ayında Ağdərə uğrunda gedən döyüşlərdə ön cəbhədə kəşfiyyatçı-pulemyotçu kimi xidmət edirdi. Lakin 1993-cü ilin 5 fevralı Seymurun ailəsinin həyatına heç vaxt sağalmayacaq bir yara vurdu. Hərbi hissədən ailəsinə verilən məlumata görə, Seymur 16 əsgər yoldaşı ilə birlikdə itkin düşmüşdü.
O gündən sonra zaman bu ailə üçün başqa cür axmağa başladı. Günlər aylara, aylar illərə çevrildi. Ancaq Seymurdan xəbər ala bilmədilər.
33 ildir qorunan son məktub
Seymurdan ailəsinə yadigar qalan ən qiymətli xatirələrdən biri onun illərdir göz bəbəyi kimi qorunub saxlanılan məktubudur. 33 ildir əzizlənən bu məktub sadəcə bir kağız parçası deyil. O, Seymurun səsini, nəfəsini yaşadan bir əmanətdir. Sətirlərində doğmalarına sevgi, evə qayıtmaq ümidi, ailəsi ilə ünsiyyətə duyduğu ehtiyac hiss olunur. Məktubun sonunda belə bir cümlə var: “Mənə tez-tez məktub yazın”.
Bu cümlə illər keçdikcə daha da ağırlaşır. O, ailəsindən məktub gözləyirdi. Bacıları ona məktublar yazdılar, yolunu gözlədilər, hər eşitdikləri xəbərdən ümidləndilər. Amma onların yazdıqlarını Seymura oxumaq qismət olmadı.
“O son məktubunu mənə yazmışdı”
Seymurun bacısı Gülnarə Rəhimova qardaşının son məktubunu uşaqlığından bu günə qalan ən qiymətli xatirə bilir:
“Mən ailənin ən kiçik uşağı olmuşam. Ona çox bağlı idim. Məktublarını səbirsizliklə gözləyirdim. Bu məktub bizim üçün çox əzizdir. Seymurun bizə qalan bir xatirəsidir. Onu göz bəbəyim kimi 33 ildir qoruyub saxlamışam. İllər keçdikcə insan bəzi şeylərə alışdığını düşünür. Amma elə deyil. Onun yazısını görəndə, adını eşidəndə hər şey yenidən yaşanır. Tək istəyimiz odur ki, Seymurun ziyarət edə biləcəyimiz bir məzarı olsun. Harada olduğunu bilək, gedib məzarında dua edək. Bəlkə onda 33 ildir içimizdə daşıdığımız bu həsrət bir az dinər. İnanırıq ki, bir gün ondan geriyə qalanlar tapılacaq”.
“Anamız ömrünün sonuna qədər Seymurun yolunu gözlədi”
Seymurun digər bacısı Aybəniz Abdullayeva da qardaşını böyük sevgi və kövrəkliklə xatırlayır:
“Seymur çox qayğıkeş qardaş idi. Kiçik yaşlarından işləyib ailəsinə dəstək olmağa çalışırdı. Özündən çox bizi düşünürdü. Onun yoxluğu bizim həyatımızda böyük bir boşluq yaratdı. Atamız onun həsrətinə dözə bilmədi. Sağlamlığı gün keçdikcə zəiflədi. Qısa zaman sonra biz atamızı da itirdik. Anamız isə 2024-cü il noyabrın 30-da rəhmətə gedib. Anam heç zaman ümidini itirmədi, lakin ömrü boyu gözləri yollarda qaldı. Xəbərlərdə illər sonra tapılan itkinləri gördükdə həmişə həyəcan keçirirdi… Hər zaman inanırdı ki, bir gün Seymur da tapılacaq. İndi tək təsəllimiz onların qovuşduğuna inanmaqdır”.
33 il sonra yenidən doğulan ümid
2026-cı il mayın 14-də “Babək-44” taborunun itkin düşmüş döyüşçülərinin axtarışı keçmiş əsgər yoldaşları və tabor komandiri Elxan Qəniyev tərəfindən könüllü şəkildə davam etdirilib. Axtarışlar zamanı ərazidə hərbi avadanlıqlar, döyüş geyimləri və insan sümüklərinə rast gəlinib. 33 ildən sonra Ağdərə torpağında aşkarlanan bu izlər itkin şəhidlərin taleyinə aydınlıq gətirilməsi baxımından yeni ümid yaradıb.
Son gülləsinə qədər döyüşən 17 igid
1993-cü ilin həmin günu Ağdərə rayonunun müdafiəsində mövqe tutan məşhur “Babək-44” taborunun 17 igid döyüşçüsü düşmənin şiddətli hücumu ilə üz-üzə qaldı. Onlar son güllələrinə qədər döyüşərək düşmənə qəhrəmancasına müqavimət göstərdilər. Tabor komandiri Elxan Qəniyevin bildirdiyinə görə, mövqelərin sağ və sol cinahlarında yerləşən digər tabor və bölmələrin məcburən geri çəkilməsindən həmin döyüşçülərin xəbəri olmayıb. Onlar mövqelərini tərk etməyib, son nəfəsədək döyüşüblər. Geri çəkilmədikləri üçün düşmən mühasirəsinə düşüblər.
Bu oğulların son anlarını necə yaşadıqları, hansı şəraitdə şəhid olduqları bu gün də məlum deyil. Döyüşün amansızlığı onların taleyini sirr pərdəsi arxasında saxlayıb. Nəşi tapılmayan bu 17 igidin ailələri isə illərdir bir ovuc torpağa, ziyarət edə biləcəkləri bir məzara həsrətdirlər.
Məzarsız qalan 17 şəhid
5 fevral 1993-cü ildə itkin düşən “Babək-44” taborunun döyüşçüləri:
Rəhimov Seymur Ərziman oğlu — 1973, Ağdaş.
Hüseynov Elçin Bahadur oğlu — 1973, Ağdaş.
Hüseynov Xəqani Fazil oğlu — 1973, Neftçala.
Əhmədov Yalçın İmran oğlu — 1973, Şəmkir.
Əmiraslanov Bəxtiyar Süleyman oğlu — 1973, Şəmkir.
Sadıqov Qabil İbrahim oğlu — 1973, Tovuz.
Məhərrəmov Mehdi Əmirxan oğlu — 1973, Bərdə.
Babayev Əlipaşa Adil oğlu — 1973, Dəvəçi.
Rəcəbov Teyyub Əzim oğlu — 1973, Neftçala.
Vəliyev Şahlar Alxan oğlu — 1973, Şəmkir.
Abışov Vəfadar Səfayət oğlu — 1973, Neftçala.
Əliyev Şahin Mirzə oğlu — 1973, Bakı.
Şirinov Ehtiram Kamal oğlu — 1971, Göyçay.
İsgəndərov Azər Həsrət oğlu — 1973, Göygöl.
Şadıyev Mehdi Namaz oğlu — 1972, Gəncə.
Muradov Şakir İsmayıl oğlu — 1973, İsmayıllı.
Məmmədov Cavid Möhtəşəm oğlu — 1973, İsmayıllı.
Bu gün bu adlar təkcə bir siyahıda sıralanan soyadlar deyil. Hər biri arxasında bir ailənin hekayəsini, bir evin səssizliyini, bir ömrün cavabsız suallarını daşıyır. Şəhidlərin xatirəsini yaşatmaq yalnız adlarını anmaq deyil. Həm də onların taleyinə aydınlıq gətirmək, ailələrinin illərlə daşıdığı ağrıya biganə qalmamaqdır.
Onlar hələ də inanırlar... Biz də inanır və dua edirik ki, bir qərinə davam edən həsrət tez zamanda bitəcək.
Şəfiqə Şəfa, Ələkbər Babayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:30 / 10.10.2026
Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO
Hazırda oxunan: Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO
Hazırda oxunan: Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO
641426
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































