“Kəndimizə” yox, özümüzə qayıtmalıyıq

Hazırda oxunan: “Kəndimizə” yox, özümüzə qayıtmalıyıq

641317

Bakıda bir qadın küçənin ortasında, hamının gözü qarşısında bıçaqlanaraq öldürüldü. Biz buna təəssüflənsək də artıq təəccüblənmirik. Dərhal da sosial şəbəkələrdə “bu cəmiyyət hara gedir?” sualını verirlər.

Halbuki o sual belə olmalıydı: “Bu cəmiyyətə illərdir nə göstərirlər?”

Təəssüf ki bu günün gəncini məktəb, ədəbiyyat formalaşdırmır. Televizor, sosial şəbəkə, burada təqdim olunan hadisələr, cinayətlər və onların adı dəyişdirilmiş missiyası tərbiyə edir. Tədricən də normal anlayışına çevrilir.

Burada Türkiyədən gələn təsirləri görməzliyə vurmaq sadəcə özümüzü aldatmaqdır. Türkiyənin xüsusilə özəl kanalları illərdir Azərbaycan ailəsinin qonağıdır. Biz onun seriallarına baxdıq, aktyorlarını ailə üzvlərimiz qədər tanıdıq, onların danışıq tərzini, geyimini, münasibətlərini, hətta ailədaxili konfliktlərini belə öz gündəlik həyatımızın bir hissəsinə çevirdik. Serial başlayana qədər sosial verilişlərdə, ardınca ölüm-itimli xəbərlərdə azıb qısaldıq və bu qardaş ölkənin kanallarında bizə qısqanclığı sevgi kimi, sahiblik etməyi kişilik kimi, qadını bütün günü nəzarətdə saxlamağı qayğı kimi, ayrılmaq istəyən qadını gecə-gündüz təqib etməyi “qara sevda” kimi sırıdılar.

Televizordan küçələrə gələn təhlükəli münasibət modeli

Yaddan çıxarırıq ki, biz bir ölkənin yalnız filmini və musiqisini izləmirik. Bəzən onun münasibət modellərini də mənimsəyirik. Hər şeydən əvvəl Türkiyə ilə bizim münasibətimiz adi xarici ölkə münasibəti deyil. Qardaş xalq olduğumuz üçün, demək olar ki, birbaşa ailə içi münasibətdir. Ona görə də orada ekranda normallaşdırılan bir davranışın bizdə təsir göstərməyəcəyini düşünmək sadəlövhlük olardı.
 

Əvvəllər bir qadın boşananda bu, ailənin dağılması kimi qəbul edilirdi. İndi isə bəzi kişilərin düşüncəsində boşanma “məni necə tərk edə bilər?” sualından sonra doğan intiqam hissidir. “Mənimlə deyilsə, heç kimlə olmayacaq.” Bu cümlə bir qadının gələcək xoşbəxtliyi ilə oynamaq deyil, onun gələcəyini əlindən almaqdır. Ən dəhşətlisi isə odur ki, ekranlar bizə illərlə bu tip kişiləri sahiblənən əsl kişi obrazı kimi təqdim edib.


Əlbəttə, burada yalnız Türkiyəni günahlandırmaq da olmaz. Azərbaycan cəmiyyətinin də patriarxal problemi var. Kişi ailədə mütləq hakimdir, qadının boşanmasına hələ də biabırçılıq, əxlaqsızlıq kimi baxanlar çoxdur. Biz sadəcə Türkiyə təfəkkürünün bizim ocağımıza tökdüyü benzindən danışırıq.

Sual yaranır ki, bəs indi nə etməliyik? Türk kanallarını bağlamalıyıq? Serialları qadağan etməliyik?

Əlbəttə ki, qadağa çıxış yolu deyil. Ən azından ekran savadlılığı yaratmalıyıq. “Kəndimizə” yox, özümüzə qayıtmalıyıq. Uşağa, yeniyetməyə, böyüyə anlatmalıyıq ki, serialdakı qəhrəmanın davranışı həyat modeli deyil. “Ya mənimsən, ya da heç kimin” cümləsi sevgi etirafı yox, təhlükə siqnalıdır. Qadın öz həyatını üstün tutursa, bunu canıyla ödəməməlidir.

Xatırladaq ki, təkcə sentyabr ayında Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı 10 hadisə qeydə alınıb. Bu barədə vəkil Zibeydə Sadıqova sosial şəbəkə hesabında sentyabr ayında baş verən belə hadisələrin siyahısını paylaşıb.

“Sentyabrın 2-də Bakıda 32 yaşlı S.Qurbanova qardaşı tərəfindən bıçaqlanıb.

Sentyabrın 9-da Samux rayonunda 39 yaşlı S.Abbasovanın qardaşı tərəfindən bıçaqlanıb, həmin gün Bakıda 15 yaşlı F.Fərəcli itkin düşüb.

Sentyabrın 18-də Bakıda 45 yaşlı D.Qurbanova 17 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Həmin gün bir qadın autizmli uşağının və digər şəxslərin gözü qarşısında əri tərəfindən marketdə döyülüb.
 

Sentyabrın 20-də Göygöl rayonunda 38 yaşlı Mehriban Quliyeva əri tərəfindən bıçaqlanaraq öldürülüb.


Sentyabrın 23-də Qusar rayonunda 50 yaşlı Səadət Həsənova tanışı tərəfindən öldürülüb.

Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda 53 yaşlı Adilə Ağayeva əri, 49 yaşlı Ruhiyə Quliyeva isə bacısının əri tərəfindən bıçaqlanıb.

Sentyabrın 28-də Bakıda Mədinə Soltanova əri tərəfindən bıçaqlanaraq öldürülüb.

Sentyabrın 30-da isə Bakıda 40 yaşlı, dörd uşaq anası Esmira Ağalarova əri tərəfindən boğularaq öldürülüb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin