Cənubi Qafqazı dəyişən bir il - Qarşıdakı əsas vəzifə sülh sazişinin imzalanmasıdır

Hazırda oxunan: Cənubi Qafqazı dəyişən bir il - Qarşıdakı əsas vəzifə sülh sazişinin imzalanmasıdır

630128

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdən bir il sonra Azərbaycan və Ermənistan arasında sülh prosesində yeni mərhələ formalaşıb.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva 1news.az üçün yazdığı məqalədə qeyd edib.

Deputatın sözlərinə görə, ötən il ərzində regionda yalnız siyasi gündəm deyil, Azərbaycan-Ermənistan münasibətlərinin xarakteri də dəyişib.

2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətni paraflanıb.
 

Sevinc Fətəliyeva bildirib ki, bu hadisə onilliklər davam edən münaqişədən sonra tərəflərin münasibətlərinin yeni hüquqi və siyasi əsaslarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Onun sözlərinə görə, 2026-cı il avqustun 8-də İlham Əliyev və Nikol Paşinyan arasında baş tutan telefon danışığı da ötən ilin nəticələrini göstərən mühüm hadisələrdən biri olub. Liderlər sülh prosesinin irəlilədilməsi, iqtisadi əlaqələrin inkişafı və TRIPP layihəsinin həyata keçirilməsini müzakirə ediblər.

Həmin gün İlham Əliyevlə Donald Tramp arasında da telefon danışığı baş tutub. Tərəflər ötən il ərzində sülh prosesinə zərər vura biləcək heç bir insidentin baş vermədiyini, TRIPP üzrə görülən işləri və Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər.

Deputat hesab edir ki, əvvəllər böyük siyasi hadisə kimi qiymətləndirilə biləcək bu cür birbaşa təmaslar artıq münasibətlərin iş mexanizminə çevrilməkdədir.

Fətəliyeva qeyd edib ki, Vaşinqton sammiti Cənubi Qafqazda tamamilə yeni reallıq yaratmayıb, artıq formalaşmış reallığı siyasi baxımdan möhkəmləndirib. Onun fikrincə, bu reallığın əsasını Azərbaycanın 2020-ci ildəki Vətən müharibəsində əldə etdiyi Qələbə və 2023-cü ilin sentyabrında dövlət suverenliyini tam bərpa etməsi təşkil edir.

Deputatın sözlərinə görə, Azərbaycan bundan sonra qarşıdurmanın davam etdirilməsi deyil, sülh yolunu təklif edib və gələcək saziş üçün beş əsas prinsip irəli sürüb. Bunlar ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması, ərazi iddialarından imtina, güc tətbiq etməmək, dövlət sərhədinin müəyyənləşdirilməsi, dövlətlərarası münasibətlərin qurulması və kommunikasiyaların açılmasıdır.
 

Məqalədə bildirilir ki, Vaşinqtonda sülh sazişinin paraflanması Azərbaycanın irəli sürdüyü prinsiplərin tərəflər arasında razılaşdırılmış sülh gündəliyinin əsasına çevrildiyini göstərib.


Ötən bir il ərzində Azərbaycan və Ermənistan arasında birbaşa siyasi və diplomatik əlaqələr də genişlənib. Yüksək səviyyəli təmaslarla yanaşı, tərəflərin administrasiyaları arasında operativ əlaqələrin və baş nazir müavinlərinin rəhbərlik etdiyi komissiyaların fəaliyyətinin davam etdiyi qeyd olunur.

Sevinc Fətəliyeva TRIPP layihəsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi strateji əhəmiyyət daşıyır.

Eyni zamanda TRIPP-in Orta Dəhlizlə birlikdə Mərkəzi Asiyanı Xəzər dənizi və Azərbaycan üzərindən Türkiyə və Avropa ilə birləşdirən daha geniş nəqliyyat sisteminin tərkib hissəsinə çevrilə biləcəyi bildirilir.

Deputat hesab edir ki, bu proses Cənubi Qafqazın regional rolunu da dəyişə bilər.

Onilliklər ərzində münaqişələr, bağlı sərhədlər və geosiyasi rəqabətlə assosiasiya olunan region gələcəkdə tranzit, ticarət və iqtisadi əməkdaşlıq məkanına çevrilə bilər.

Məqalədə qeyd olunur ki, iqtisadi qarşılıqlı asılılığın artması uzunmüddətli sülh üçün əlavə təminat yarada bilər. Xarici tərəflərin rolu isə birbaşa danışıqları əvəz etməkdən daha çox konkret layihələrə siyasi və iqtisadi dəstək göstərməklə məhdudlaşa bilər.
 

Bununla yanaşı, sülh sazişinin paraflanmasının prosesin tam başa çatması anlamına gəlmədiyi vurğulanır. Növbəti əsas mərhələ sənədin imzalanmasıdır.


Bunun üçün Azərbaycan və Ermənistan arasında hələ də bir sıra məsələlərin həll edilməsinin vacib olduğu bildirilir. Bunlara Ermənistan Konstitusiyasında Azərbaycan ərazisinə dair iddialarla bağlı məsələ, dövlət sərhədinin delimitasiya və demarkasiyasının davam etdirilməsi, kommunikasiyaların açılması və əldə olunmuş razılaşmaların praktiki icrası daxildir.

Sevinc Fətəliyevanın fikrincə, son bir ildə əsas dəyişiklik sülhün mümkün olub-olmaması məsələsindən onun praktiki şəkildə necə təmin ediləcəyinə keçiddir.

Onun sözlərinə görə, avqustun 8-də baş tutan telefon danışıqları da yeni siyasi reallığın göstəricisidir. Bir il əvvəl Azərbaycan və Ermənistan liderləri ABŞ prezidentinin iştirakı ilə Vaşinqtonda sülh sazişini paraflayıblar. Bir il sonra isə Bakı və İrəvan arasında birbaşa telefon diplomatiyası aparılır, iqtisadi əməkdaşlıq və nəqliyyat layihələri müzakirə olunur.

Deputat hesab edir ki, qarşıdakı əsas vəzifə sülh sazişinin imzalanması və Cənubi Qafqazda formalaşan yeni reallığın dönməz xarakter almasının təmin edilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin