Şəhərlər sadəcə binalar toplusu deyil, insan hekayələrinin məkanıdır. Urbanizasiya cəmiyyətləri görünməmiş sürətlə dəyişdirir və biz bu prosesə yalnız rəqəmlərlə deyil, insan amili prizmasından yanaşmalıyıq.
Bizim.Media xəbər verir ki, bu fikirləri Malayziyanın mənzil və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Kor Minq Nqa Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən mətbuat konfransında səsləndirib.
Nazir bildirib ki, şəhərlər iqtisadi imkanlar, innovasiya və mədəni mübadilə üçün mühüm platformalar yaratsa da, eyni zamanda mənzil çatışmazlığı, iqlim riskləri, sosial bərabərsizlik və infrastrukturla bağlı artan tələblərlə üz-üzədir.
Onun sözlərinə görə, xüsusilə həssas əhali qrupları üçün adekvat mənzilə çıxış bu gün ən aktual məsələlərdən biri olaraq qalır.
Kor Minq Nqa qeyd edib ki, WUF13-ün əsas mövzusu olan “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” yanaşması məhz bu çağırışlara cavab verir.
“Bu mövzu bizə xatırladır ki, insanlıq bizim ən böyük gücümüzdür. Texnologiya məlumatı geniş miqyasda ötürə bilər, lakin cəmiyyət qurmaq üçün zəruri olan etimadı eyni şəkildə formalaşdıra bilməz”, - deyə o vurğulayıb.
Nazir bildirib ki, forum çərçivəsində aparılan müzakirələr şəhərlərin daha inklüziv və dayanıqlı olması üçün praktik yanaşmalara həsr olunub. Mənzil siyasəti və maliyyələşdirmə sahəsində mühüm fikir mübadiləsinin aparılacağı gözlənilir.
“Lakin əsas məsələ bu müzakirələrin real nəticələrə və uzunmüddətli irsə çevrilməsidir. Gələcək onu proqnozlaşdıranlara deyil, onu quranlara məxsusdur”, - deyə Kor Minq Nqa əlavə edib.
O qeyd edib ki, Yeni Şəhər Gündəliyinə dair keçirilən Nazirlər Görüşü iyul ayında Nyu-Yorkda baş tutacaq yüksək səviyyəli iclas öncəsi güclü siyasi iradənin mövcud olduğunu göstərir.
UN-Habitat Assambleyasının prezidenti hesab edir ki, bu proses beynəlxalq əməkdaşlığın gücləndirilməsi və dayanıqlı urbanizasiya istiqamətində siyasi dinamikanın qorunması üçün mühüm imkandır.
“Artıq ümumi bəyanatlardan konkret və ölçülə bilən nəticələrə keçmək vacibdir”, - deyə o bildirib.
Kor Minq Nqa vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumu kimi platformalar hökumətlər və tərəfdaşlar arasında təcrübə mübadiləsi və müxtəlif milli və yerli şəraitə uyğun praktik həllərin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayır.
Bizim.Media




































































































