ABŞ Prezidenti Donald Tramp oktyabrın 11-də Ukrayna və Rusiya arasında energetika infrastrukturlarına hücumların dayandırılmasını nəzərdə tutan "energetika barışığı" elan edib.
Bizim.Media xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə məlumatı özünün Truth Social sosial şəbəkə hesabında paylaşıb.
ABŞ Prezidenti hər iki tərəfin razılıq verdiyini bildirərək yazıb: "Bu andan etibarən Rusiya və Ukrayna arasındakı müharibədə “energetika barışığı” qüvvəyə minir. Hər iki tərəf razılaşıb. Onu pozmayın!".
Sentyabr ayında ABŞ-da səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Trampa energetika sahəsində atəşkəs təklifini təqdim etmişdi. Ukrayna tərəfi energetika, su təchizatı və istilik sistemlərinə zərbələrin dayandırılması şərtilə bu rejimi qəbul etməyə hazır olduğunu bildirmişdi.
Əvvəlcə Rusiya bu təklifi rədd etsə də, Qərb mediasının və ekspertlərin məlumatına görə, pərdəarxası danışıqlarda Moskva sanksiyaların ləğv edilməsi kimi şərtlər qarşılığında energetika barışığını müzakirə etməyə hazır olduğunu bildirmişdi.
Bizim.Media




























































































