Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA – ÖZƏL

Hazırda oxunan: Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA – ÖZƏL

609546

“Həm Moskva, həm də Kiyevlə münasibətlərin qorunub saxlanılması Azərbaycanın balanslı xarici siyasət kursunun göstəricisidir. Azərbaycanı hansısa tərəfin maraqları naminə seçim etməyə məcbur etmək nə ədalətli, nə də doğru yanaşma olardı”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyanın Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev deyib. 

Ukrayna liderinin Azərbaycana səfərini şərh edən analitik, rəsmi Bakının Rusiya və Ukrayna arasında ən uyğun danışıqlar məkanı olduğuna diqqət çəkib:

“Rusiyalı politoloq kimi şəxsi fikrimi bildirsəm, Prezident İlham Əliyevin postsovet məkanında sabitlik və münasibətlərin normallaşmasına yönəlmiş siyasətini nəzərə alaraq, Moskvanı Bakı kimi bir danışıqlar platforması qane edə bilər. Bu, sülh danışıqları kontekstinə və geniş beynəlxalq iştirakla aparıla biləcək müsbət dialoq prosesinə uyğun görünür. Burada Avropa ölkələri və ABŞ kimi böyük aktorların iştirakı da mümkün ola bilər”.

Rubayev qeyd edib ki, danışıqlar üçün müəyyən çətinliklər qalmaqdadır. Buradakı ən böyük gərginlik ziddiyyətlərin olmasıdır:

“Moskvanın rəsmi mövqeyi uzun müddətdir Ukraynanın indiki rəhbərliyinə qarşı olduqca sərt ittihamlarla müşayiət olunur. Bu səbəbdən də həmin tərəflə danışıqlara başlamaq müəyyən siyasi və ictimai ziddiyyət yarada bilər. Əvvəlcədən elan olunmuş məqsədlər həll edilmədən masa arxasına keçilməsi Rusiya cəmiyyətində çoxsaylı suallar doğura bilər”.

Eyni zamanda qeyd olunur ki, sülh sazişi üçün bir neçə mümkün ssenari mövcuddur:

“Müharibə meydanında Rusiyanın üstün nəticə əldə etməsi və bunu daxili auditoriyaya böyük qələbə kimi təqdim etməsi  mümkün ssenari kimi göstərilir. Bu halda da sonradan danışıqlar üçün yeni siyasi şəraitin formalaşa biləcəyi vurğulanır. Hesab edirəm ki, hazırkı mərhələdə və mövcud rəhbərliklər fonunda birbaşa danışıqlar prosesi olduqca mürəkkəb görünür. Fikrimcə, indiki şəraitdə tərəflər arasında real və nəticəyönümlü təmasların başlanması çətin məsələ olaraq qalır”, - deyə A.Rubayev bildirib. 

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də Qəbələdə, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin