Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Bir həftə də belə yekunlaşır, amma hələ də İran ətrafındakı böhranın sonu görünmür. Nə hərb, nə sülh rejiminin mövcudluğu qlobal neft və qaz bazarlarını gərginlikdə saxlamaqda davam edir. Çünki Hörmüzdən keçid əvvəlki keçid rejiminə qayıda da bilmir: ortada qorxu da var, ürkü də.
Qlobal bazarlar
Bu isə özünü neft qiymətlərində göstərir. Həftənin əvvəli London Əmtəə Birjasında Brent markalı neftin qiyməti 95 dollar idisə, artıq 3 gün sonra neftin ən bahalı partiyası 107,7 dollaradək bahalaşdı. Düzdür, sonra qiymətlər bir qədər aşağı meyllənsə də, amma kifayət qədər yüksək olaraq qalır. Avropada qaz qiymətləri isə min kubmetr üçün 540 dollar ətrafında ticarət edilir. Xatırladım ki, İran müharibəsindən öncə bu qiymət 350-370 arasında dəyişirdi.
MÖVZU İLƏ BAĞLI:
Ötən il Azərbaycana ən çox elektromobil bu ölkələrdən gətirilib – RƏQƏMLƏR
Belə bir vəziyyətdə isə Avropa Birliyi Şurası aprelin 23-də Rusiyaya qarşı 20-ci sanksiya paketini rəsmi olaraq təsdiqlədi. Yeni paket əvvəllər tətbiq edilən məhdudiyyətlərin, enerji sektorunun və Rusiyaya kömək edən qurumlara maliyyə təzyiqinin artırılmasına yönəlib. Rusiya neft ixracı üçün dəniz xidmətlərinin göstərilməsinə tam qadağa qoyulub. Birbaşa məhdudiyyətlər altında olan gəmilərin siyahısı daha 43 tankerlə genişləndirilib və bununla da sanksiya tətbiq edilən gəmilərin ümumi sayı 640-a çatıb.
Yaxın Şərqdə münaqişənin kəskinləşdiyi mart ayından bəri Aİ-nin enerji idxalı xərcləri 24 milyard avro artıb. Aİ-nin Enerji məsələləri üzrə Komissarı Dan Jörgensen bildirib ki, indiki enerji böhranı Avropaya hər gün təxminən 500 milyon avro əlavə xərcləmələr başa gəlir.
Yaşıl avtomobillərə yüksələn maraq
Belə bir şəraitdə isə Avropada elektrikli nəqliyyat vasitələrinin satışlarında kifayət qədər artım müşahidə edilməyə başlayıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) bu həftə açıqladığı hesabata əsasən, Aİ-də yeni avtomobillərin satışlarında batareyalı elektrikli nəqliyyat vasitələrinin payı martda 20%-i keçib, yəni hər satılan beş avtomobildən biri artıq batareyalıdır.
Hesabatda qeyd edilir ki, elektrik avtomobillərinə o ölkələrdə maraq yüksəkdir ki, orada vergi güzəştləri alıcılarda maraq oyadır. Məsələn, İtaliya hökuməti fərdlərə təxminən 11 min avro təklif edir ki, bu da yeni elektrik avtomobilinin ümumi alış qiymətinin 30%-ə qədərini əhatə edir. Subsidiya məbləği alıcının gəlirinə bağlı olur, amma güzəştlər 42 min avrodan yuxarı qiyməti olan avtomobillərə şamil edilmir. Yunanıstan və Polşa hökumətləri də alıcılara daxili yanma mühərrikli avtomobilini elektrik avtomobilə dəyişən zaman təxminən 9 min avro subsidiya təklif edir.
Azərbaycanın avtobazarındakı vəziyyət
Rəsmi statistikadan məlum olur ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana 15 351 ədəd avtomobil idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33% azalma deməkdir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, idxal edilən avtomobillərin 13 905 ədədi minik maşınları kateqoriyasında olsa da, yalnız elektriklə işləyən avtomobillərin sayı cəmi 299 ədəd təşkil edib – azalma 30,1% təşkil edib. Bu müddətdə Azərbaycana gətirilən hibrid avtomobillər, yəni həm daxili yanma mühərriki, həm də elektrik mühərriki olan avtomobillərin sayı tam elektriklə işləyən avtomobillərin sayından 20,8 dəfə çox olub.
Azərbaycana idxal edilən hibrid tipli avtomobillərin sayında 34,2% artım müşahidə edilib. Özü də bu hal daxili yanma mühərrikli avtomobillərin idxalında 53,4%-lik azalmanın fonunda baş verib. Yəni yerli istehlakçılar da yanacağı daha qənaətlə işlədən avtomobillərə üstünlük verirlər. Baxmayaraq ki, Azərbaycanda yanacaq qiymətləri İran müharibəsi başlayandan sonra artmayıb.
İdxal yanacağın stabil qiyməti
Azərbaycanın daxili bazarında sonuncu dəfə yanacaq qiyməti artımı özünü Ai-92 markalı benzinin 1 litrinin 5 qəpik bahalaşaraq 1 manat 15 qəpik səviyyəsinə çatması ilə cari ilin başlanğıcında müşahidə edilib. Maraqlı olan bilirsiniz nədir? Azərbaycan yüksək oktanlı benzinləri hələ də idxal edən ölkədir və bizim daxili bazarda onların qiyməti dövlət tərəfindən tənzim edilməsə də hələ də İran müharibəsindən əvvəlki qiymətə satılmasıdır.
Azərbaycan Dövlət Statistika Komitəsinin “Xarici ticarətin vəziyyətinə dair” bülletenində göstərilir ki, cari ilin yanvar-fevral aylarında ölkəyə təqribən 34,5 min ton Ai-95 markalı benzin və 408 ton da Ai-98 markalı benzin idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Ai-95 markalı benzinin idxalı 64,3%, Ai-98 markalı benzinin idxalı isə təqribən 34% artıb. Amma idxal etdiyimiz yanacağın qiymətində hansısa dəyişiklik yoxdur. Nəyin hesabına bu belədir, çətindir demək. Çünki Ai-95 marka benzini qonşu Gürcüstan da idxal edir, amma orada onun litrinin qiyməti təqribən 2-2,1 manat arasında dəyişir.
Azərbaycanın qazlı hədəfləri
Avropa Komissiyası öz ictimai bəyanatlarında hər zaman Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş adlandırır və bu enerji əməkdaşlığı böyüyür. Belə bir bəyanatla Prezident İlham Əliyev aprelin 22-də Azərbaycan-Latviya biznes-forumunda çıxış edib. "Biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı böyük ölçüdə bərpaolunan enerji ilə əvəz edəcəyik. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyimizə imkan verəcək. Bu qaza hər zaman ehtiyac olub, son bir neçə ildə ehtiyac artmışdı, son bir neçə ayda isə daha da artmış oldu. Planımız istehsalı və mütləq şəkildə ixracı artırmaqdır", - deyə Prezident bəyan edib.
Qeyd edim ki, 2026-cı ilin I rübünün yekunlarına görə, Azərbaycanda 9,86 mlrd kubmetr əmtəəlik qaz hasil edilib. Hasil edilmiş əmtəəlik qazın 6,5 milyard kubmetri, yəni 66%-i ixraca yönəldilib. İxrac edilmiş qazın isə 3 milyard kubmetri və ya 46,2%-i Avropadakı istehlakçılara satılıb.
Azərbaycan Prezidenti daha sonra çıxışında alternativ enerji mənbələri ilə planlara toxunub və bildirb ki, ölkəmizin xarici investorlarının diqqətində olan sərmayə sahələrindən biri də günəş və külək potensialına malik bərpaolunan enerji mənbələridir. “Biz artıq böyük oyunçuların ciddi marağına səbəb olmuşuq. Bizim planımız, – hansı ki, təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır, – 2032-ci ilə qədər 8 giqavatlıq günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu, tamamilə realdır”, deyə cənab İlham Əliyev bəyan edib.
Cəbrayıldakı “Şəfəq”in şəfəqləri
Onu deyim ki, bu günlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk böyük gücə malik olan alternativ enerji mənbəli elektrik stansiyasının tikintisi üzrə mühüm bir hadisənin şahidi olduq. Belə ki, Cəbrayıl rayonunda 240 MVt gücündə olacaq “Şəfəq" günəş elektrik stansiyasının tikintisi layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb.
Layihənin operatoru olan Böyük Britaniyanın bp şirkətinin açıqlamasına görə, bu mühüm layihə bərpa olunan elektrik enerjisinin istehsalı sahəsini və regiondakı əməliyyatlarımızın karbonsuzlaşdırılmasını dəstəkləməklə Azərbaycanın enerji keçidi səylərinə töhfə verəcək.
Məlumata əsasən, "Şəfəq" layihəsində payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərin təxminən 30%-i artıq görülüb. Hazırda layihəyə 350 nəfər yerli işçi cəlb olunub ki, bunlardan 123-ü işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdir. Tikinti işlərinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır. Cəbrayılda inşa edilən stansiyanın ildə təxminən 500 min MVt/saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir.
Azərbaycanın neft qazancı
İndi isə gələk elə Azərbaycanın ən böyük neft layihəsindən dövlətin əldə etdiyi qazanca, hansı ki, Dövlət Neft Fondunda toplanır.
Fondun açıqladığı məlumata görə, 2026-cı ilin I rübündə “Azəri-Çıraq-Günəşli” blokundan gələn gəlir 1 milyard 400,5 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 601,1 milyon manat və ya 30 % az nəticədir. Yəni gəlir günə ortalama 3,93 mln dollar azalıb. Bəs gəlir niyə azalıb? Təbii ki, ilk növbədə hasilatın azalması səbəbindən.
Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, bu ilin yanvar-mart aylarında AÇG blokundan 3,9 mln ton neft hasil edilib, yəni hasilat ötən ilin eyni dövrü ilə müqayisədə 100 min ton və ya təqribən 740 min barel azalıb. Bu baxımdan gəlirlərə təkcə neftin qiyməti deyil, həmçinin həcmləri də təsir edir.
Bu baxımdan cari ilin I rübündə "Şahdəniz" yatağından dövlətin əldə etdiyi gəlirlər 2 dəfə artaraq 359,6 milyon manata çatsa da, bu məsələ ümumən Neft Fondunun rübü yaxşı nəticələrlə yekunlaşdırmasına gətirib çıxartmayıb.
Rübü kəsirlə başa vuran Fond
Dövlət Neft Fondunun cəmi gəlirləri 3 mlrd 180 mln manat olub, rüblük azalma 69,2 mln manat təşkil edib. Neft-qaz satışından əldə edilən gəlirlər isə 40,2% azalıb. Hesabat dövründə Fond öz xərclərini ötən ilin eyni dövrü ilə müqayisədə azaltmağa nail olsa da, amma yekunda cari rübü 43,5 mln manat kəsirlə başa vurub.
Göründüyü kimi, Azərbaycanın ümumi daxili məhsulunda neft-qaz sektorunun payı ildən ilə azalsa da, reallıqda onun iqtisadiyyata təsiri kifayət qədər böyükdür.
Qeyri-neft sektorumuz isə faktiki olaraq 3 beşillik ərzində neft gəlirləri ilə sulansa da, hasilatın azaldığı şəraitdə heç cürə azalan neft gəlirlərini qarşılamaq gücündə olmadığını göstərir. Niyəsi isə ondan ibarətdir ki, neftdən kənarda əlavə dəyər yaradan məhsulumuz azdır. Məhsul bir yana, məhsuldarlığı da bir xeyli artırmaq gərəkdir...
Bizim.Media



































































































