Türkiyənin Aralıq dənizi sahilindəki Muğla vilayətinin rəhbərliyi iyulun 29-da Seydikemer rayonunda başlayan irimiqyaslı meşə yanğınının söndürülməsi üçün bütün imkanlarını səfərbər edib.
Bizim.Media xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Bildirilib ki, iyulun 30-da səhər saatlarına qədər alovu nəzarət altına almaq hələ də mümkün olmayıb.
Yerli hökumət orqanlarının verdiyi məlumata əsasən, ehtiyat tədbiri olaraq yanğın zonasında yerləşən 408 evdən 703 sakin təxliyə edilib. Bununla yanaşı, yerli dövlət xəstəxanasının 45 xəstəsi də təhlükəsiz əraziyə köçürülüb.
Muğla valiliyindən bildirilib ki, yanğın nəticəsində 6 bölgədə 55 tikiliyə ziyan dəyib, bəzi binalar tamamilə yanıb. Yanğının söndürülməsi prosesinə 25 hava vasitəsi, 410 yerüstü texnika və 1.1 min canlı qüvvə cəlb edilib.
Antalya, Balıkesir və İzmir vilayətlərində də təbii yanğınlar davam etməkdədir. İndiyədək itkilər barədə məlumat verilməyib. Yerli rəsmilərin bildirdiyinə görə, turizm zonaları alovlanma mərkəzlərindən uzaq məsafədə yerləşdiyi üçün həmin ərazilərə heç bir təhlükə yoxdur.
Bizim.Media




































































































