2026-cı ilin ilk beş ayında Ermənistanda 11 min 720 uşaq dünyaya gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 331 nəfər və ya 2,7 faiz azdır.
Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, eyni dövrdə ölkədə 10 min 493 nəfər vəfat edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 708 nəfər azdır.
Ölüm hallarının doğumlardan daha sürətlə azalması nəticəsində Ermənistanda təbii artım 850 nəfərdən 1227 nəfərə yüksəlib.
Statistikaya əsasən, 1 yaşınadək uşaqlar arasında ölüm halları da azalıb. Belə ki, 2026-cı ilin yanvar-may aylarında bu yaş qrupunda 60 ölüm qeydə alınıb. Ötən ilin eyni dövründə isə bu göstərici 101 idi. Beləliklə, azalma 40,6 faiz təşkil edib.
4 yaşınadək uşaqlar arasında ölüm halları isə 117-dən 72-yə enərək 38,5 faiz azalıb. Ölü doğulan körpələrin sayı da azalıb. Ötən ilin ilk beş ayında 167 belə hal qeydə alındığı halda, bu il həmin rəqəm 142 olub.
Məlumata görə, 2026-cı ilin ilk beş ayında Ermənistanda ölümün əsas səbəbi qan dövranı sistemi xəstəlikləri olub. Bu səbəbdən 5 min 486 nəfər vəfat edib ki, bu da bütün ölüm hallarının 52,3 faizini təşkil edir. Bununla belə, bu xəstəliklərdən ölüm sayı ötən illə müqayisədə 6,4 faiz azalıb.
Eyni zamanda, bədxassəli yenitörəmələrdən (xərçəng) ölüm hallarında artım qeydə alınıb. Belə ki, bu səbəbdən ölənlərin sayı 2 min 110 nəfərdən 2 min 237 nəfərə yüksəlib. Xərçəngdən ölüm hallarının ümumi ölümlərdə payı isə 18,9 faizdən 21,3 faizə çatıb.
Bizim.Media




































































































