Türkiyə, Rusiya və S-400: Ankara üçün üç mümkün ssenari

Hazırda oxunan: Türkiyə, Rusiya və S-400: Ankara üçün üç mümkün ssenari

626985

Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin taleyi yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə haqqin.az nəşri Ankaradakı diplomatik mənbələrə istinadən analitik məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, S-400 sistemləri təkcə Türkiyənin NATO və ABŞ ilə münasibətlərinə deyil, həm də Ankara-Moskva əlaqələrinin gələcəyinə birbaşa təsir göstərir.

2017-ci ildə Türkiyə Rusiya ilə S-400 komplekslərinin alınmasına dair müqavilə imzalayıb, ilk sistemlər isə 2019-cu ildə ölkəyə çatdırılıb. Bundan sonra ABŞ Ankaranı F-35 proqramından çıxarıb və 2020-ci ildə CAATSA sanksiyalarını tətbiq edib.

Nəşrin yazdığına görə, Donald Tramp administrasiyası Türkiyənin F-35 proqramına qayıtması imkanlarını araşdırsa da, Vaşinqton S-400-lərin Türkiyə arsenalından çıxarılmasını əsas şərt kimi irəli sürür.

Analitik yazıda Ankaranın hazırda üç əsas ssenari üzərində düşündüyü bildirilir:

Birinci ssenari – S-400 sistemləri Türkiyədə qalır, lakin istifadəyə verilmir. Bu variant Moskvanın siyasi maraqlarını qismən qorusa da, Ankaranın F-35 proqramına qayıtması üçün kifayət etmir.
İkinci ssenari – komplekslərin Rusiyaya geri qaytarılmasıdır. Məqaləyə görə, bu yalnız Moskva ilə daha geniş strateji razılaşmanın tərkib hissəsi olacağı təqdirdə mümkün hesab edilir.
 

Üçüncü ssenari – S-400 sistemlərinin üçüncü ölkəyə, xüsusilə Qətər və ya Birləşmiş Ərəb Əmirliklərinə satılmasıdır. Analitiklərin fikrincə, Moskva üçün ən məqbul variant BƏƏ-dir. Buna səbəb Əbu-Dabinin Ukrayna müharibəsi ilə bağlı balanslı mövqeyi, Rusiya ilə iqtisadi əməkdaşlığı və son illər Türkiyə ilə münasibətlərinin sürətlə inkişaf etməsidir.


Məqalədə vurğulanır ki, Suriya, Liviya və Cənubi Qafqazda fikir ayrılıqlarına baxmayaraq, Ankara və Moskva arasında dialoq davam edir. Bununla belə, son hadisələr fonunda tərəflər arasında münasibətlərdə müəyyən gərginlik hiss olunur və S-400-lərlə bağlı danışıqlar həlledici mərhələyə daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin