Rusiya məhkumluğu olan miqrantların ölkəyə girişini və vətəndaşlıq almasını qadağan edir.
Belə ki, Dövlət Duması məhkumluğu olan miqrantların Rusiyada yaşamasını qadağan edən qanunu qəbul edib. Plenar iclasda deputatlar hökumətin təqdim etdiyi qanun layihəsini üçüncü oxunuşda qəbul ediblər.
Qanun layihəsinə əsasən, əcnəbilərin cinayət qeydləri silinməmiş və ya götürülməmiş olduqda vətəndaşlıqdan, eləcə də müvəqqəti yaşayış icazəsindən və ya daimi yaşayış yerindən məhrum ediləcəklər.
Mövcud qaydalara əsasən, hazırda müvəqqəti və ya daimi yaşamaq icazəsi yalnız ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum edilmiş şəxslərə verilmir.
Beləliklə, miqrantlardan ya məhkumluğun olmamasını təsdiq edən, ya da ərizəçilərin hansı cinayətlərə görə məhkum olunduqları barədə məlumatları özündə əks etdirən kağız daşıyıcıda sənəd təqdim etmələri tələb olunacaq.
Bu qərar nəyə hesablanıb?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Rusiyada miqrantlara qarşı qaydaların sərtləşdirilməsi konkret hansısa millətə, o cümlədən də azərbaycanlılara qarşı deyil:
“Miqrantlara qarşı qaydaların sərtləşməsi əslində siyasi məsələdir. Tarixən belə olub ki, Rusiyada daxili problemlər artdıqca ölkə daxilində “düşmən” axtarışına başlanılıb. Hakimiyyət tərəfindən xalqa mesajlar ötürülüb ki, “günah hökumətdə yox, miqrantlardadır”. Guya ki, miqrantların ölkədəki iqtisadi fəaliyyəti ağır duruma salır, kriminogen vəziyyəti gərginləşdirir.
O ki, qaldı Rusiyaya gedən miqrantların məhkumluq məsələsinə, bu ağır və bir qədər də çətin prosesdir. Bu məlumat yəqin ki, daha çox Rusiya vətəndaşlığı almaq istəyənlərdən tələb olunacaq”.
Belə bir qərarın soydaşlarımıza hansısa formada təsiri ola bilərmi?
Müsahibimiz bu qərarın çox sayda soydaşlarımıza təsir edəcəyini düşünmür:
“Çünki daha əvvəlki kimi Rusiyaya axın yoxdur. Soydaşlarımız indi iş üçün daha çox Türkiyəyə və Avropa ölkələrinə üz tuturlar. Üstəlik, Ukrayna ilə müharibə və dron hücumları soydaşlarımızın Rusiyaya marağını daha da azaldıb. Ona görə də bu qərarın soydaşlarımıza elə də ciddi təsir edəcəyini düşünmürəm”.
Surxay Atakişiyev, Bizim.Media




































































































