"İki gün bundan qabaq bir bank rəhbəri ilə danışdım, deyir ki..."

Hazırda oxunan: "İki gün bundan qabaq bir bank rəhbəri ilə danışdım, deyir ki..."

139705
İstiqlalçı və iqtisadçı millət vəkili Vahid Əhmədovun Moderator.az - a müsahibəsini təqdim edirik:

- Vahid müəllim, prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının 4-cü qurultayındakı çıxışından hansı nəticəni çıxarmaq olar?

- Məncə prezident çıxışında çox ciddi mesajlar verdi. Xüsusilə ölkənin bir nömrəli məsələsi - Qarabağ münaqişəsi və bu ilin aprelin əvvəlindəki 4 günlük müharibədəki möhtəşəm qələbəmiz, 2 min hektar torpağın düşmən tapdağından azad edilməsi, eyni zamanda ordumuzun necə qüdrətlənməsi barədə hamımızın qəlbini dağa döndərən açıqlamalar dilə gətirdi. Bundan başqa diaspor təşkilatlarımızın güclənməsi üçün lazımi tapşırıqlarını verdi, diaspor liderlərinə müraciət etdi ki, siz hansı ölkədə yaşamağınızdan asılı olmayaraq Azərbaycanla nəfəs alın, ən azı ildə bir dəfə ailənizlə Azərbaycana gəlin. Xüsusən imkanlı soydaşlarımıza çağırış etdi ki, qeyri-neft sektorunun inkişafı mərhələsinə qədəm qoymuşuq və siz də bu işə öz töhfənizi verin, xarici investisiya cəlb edin. Hesab edirəm ki, dövlət başçısının çox ciddi mesajları, tövsiyyə və iradları oldu ki, bundan nəticə çıxarılmalıdır. Diaspora Komitəsi dünyadakı səfirliklərimizlə, qardaş ölkənin səfirlikləri ilə əl-ələ verərək Azərbaycan və Qarabağ həqiqətlərini çatdırmaqda, xərçəng kimi dünyanı sarımış erməni yalanlarını ifşa etməkdə yeni strategiya hazırlayaraq həyata keçirəcək, dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızla təmaslar intensivləşəcək və dünya bizi olduğumuz kimi tanıyacaq. Prezident dünyada baş verən siyasi və iqtisadi təlatümlərdən də danışdı, ölkədəki iqtisadi durumu analiz edərək yeni istiqamətləri müəyyənləşdirdi, güclü islahatların anonsunu verdi və düşünürəm ki, hər kəsin həmin çıxışdan özü üçün götürdüyü ideyalar, tezislər oldu.

- Bir neçə gündən sonra prezident erməni yalanlarına boyun əymiş bir dövlətə, Avropanın döyünən ürəyi hesab olunan Almaniyaya səfər edəcək. Bundestaqın məlum bədnam qətnaməsinədək dünyada alman dəqiqliyi deyilən bir termin vardı, bundan sonra alman qərəzi deyilən bir termin dünya insanlarının dilində əzbər olacaq. Sizcə Türkiyəyə qarşı bu qərəzin kökündə nə dayanır?

- Almaniyada milyonlarla türk yaşayır və hər zaman Türkiyə-Almaniya münasibətləri yüksək səviyyədə olub. Hətta bu gün Türkiyədə olan bütün müasir texnologiyalar, innovasiya sistemi faktiki olaraq Almaniyadan gətirilib. 50 ildir türklər bu ölkədə işləyib alman təcrübəsini Türkiyəyə daşıyıblar. Son vaxtlaradək bu iki ölkənin münasibətləri çox yaxşı olub. Merkel də bu yaxınlarda Türkiyədə idi və Ərdoğan ona belə bir bədnam qətnamənin qəbul olunacağı təqdirdə ikitərəfli münasibətlərin ciddi zədələnəcəyi xəbərdarlığını da etmişdi. Amma bu cəhdlər nəticə vermədi və xəbərdarlıq qulaqardına vuruldu. Hesab edirəm ki, Qərb dünyası bununla kifayətlənməyəcək və hər vəchlə Türkiyəni səksəkədə saxlamaq üçün çeşidli məkrli planları həyata keçirməyə çalışacaq. Ona görə də qardaş ölkə son dərəcə diqqətli və ehtiyatlı olmalıdır. Yeri gəlmişkən, deyim ki, milyonlarla suriyalı qaçqınların Türkiyədə bu şəkildə məskunlaşdırılması da böyük səhv idi və indi bu toplum Qərb dünyasının əlində Anakaraya qarşı saat mexanizmli bomba effektinə çevrilməkdədir.
Son vaxtlar Türkiyədə baş verən terror aktlarında da Qərbin barmağı var. Istənilən halda Almaniya parlamentinin bu qərarını ağılsızlıq hesab edirəm və bunun ən çox zərbəsini Türkiyə deyil, elə Almaniyanın özü çəkəcək. Fikir verdinizsə artıq Ərdoğan hədə dilində danışdı ki, biz qaçqınların qarşısından çəkilib onları Avropa ilə baş-başa qoyacağıq. Təsəvvür edin ki, əgər belə olsa Avropanı xaos bürüyəcək və ən çox ziyan çəkən ölkə də Almaniya olacaq. Amma artıq ox yaydan çıxıb və düşünürəm ki, təkcə rəsmi Berlin deyil, ümumiyətlə, Avropa Birliyi Türkiyəyə qarşı tutduğu bu mövqenin ağrısını çəkəcək. Prezident İlham Əliyevin Almaniyaya səfərində də hesab edirəm ki, bundestaqın bu qərarından narazılıq ifadə olunacaq, hamının ədalət gözlədiyi bir ölkənin erməni yalanlarına aldandığına görə təəssüf ifadə ediləcək. Amma dünyanın sonu deyil və biz də, Türkiyənin özü də Almaniya və Avropa ilə əməkdaşlığı davam etdirəcək, çünki dünyada inkişaf əməkdaşlıqdan keçir, qarşıdurmadan və intriqa yürütməkdən deyil...

- Merkelin həmin müzakirələrə qatılmaması əvvəlcədən də ondan xəbər verirdi ki, səsvermənin nəticələri Türkiyənin əleyhinə olacaq.  Merkel sanki uşaq oyunu oynadı...

- Haqlısınız. Merkelin bu davranışları nə onun adına, statusuna, nə də təmsilçisi olduğu dövlətə yaraşmadı.

- Biz də Bakıda oturub aləmə car çəkirik ki, aya aman, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində də üç həmsədrdən daha ədalətli mövqe tutacaq, Berlini az qala zorla bu prosesə qoşmaq istəyiridik. İndi bir daha bəlli olur ki, ilanın ağına da lənət, qarasına da...

- Tamamilə doğru qiymətləndirmədir. Mən həmişə demişəm və bu gün baş verənlər bir daha göstərir ki, türkün türkdən başqa dostu yoxdur. Təbii ki, Pakistan kimi dost və qardaş ölkənin hər zaman yanımızda olmasını alqışlayırıq. Amma ümumiyyətlə Türkiyənin Azərbaycandan, Azərbaycanın da Türkiyədən başqa dostu-qardaşı yoxdur. Götürək həmsədr dövlətləri və ya ümumiyyətlə ATƏT-in Minsk qrupu üzvü olan dövlətləri, yaxud Avropa Birliyinin 28 üzv dövlətini. Onların hamısının Azərbaycanda maraqları var və nə zaman ki, Azərbaycan həmin maraqları təmin etməkdən imtina edir, nəinki bizə qarşı çirkin kampaniyaya başlayırlar, hətta daha sərt mövqe sərgiləməkdən də çəkinmirlər. Amma Türkiyə-Azərbaycan münasibətləri tamam fərqli dəyərlər üzərində və səviyyədə inkişaf edir. Bu, dünyada gerçəkdən də anoloqu olmayan bir diplomatiya nümunəsi hesab oluna bilər. Planetdə bir-birinə mənəvi tellərlə bu qədər sıx bağlı olan iki dövlət, iki millət tapmaq olmaz. Sual oluna bilər, Türkiyənin Azərbaycandakı başlıca marağı nədir? Təbii ki, güclü və qüdrətli Azərbaycan görmək. Bəs Azərbaycanın Türkiyədən istədiyi nədir? Yenə də təkcə bölgənin deyil, dünyanın söz sahiblərindən biri olan qüdrətli qardaş dövlətin olması. Yəni bizlər bi-birimizlə sanki siam əkizləri kimi bağlıyıq, dərdimiz də birdir, dərmanımız da, sevincimiz də eynidir, kədərimiz də.

- Vahid müəllim, 32 il Tunisi ağlar günə qoyan Zeynəlabdin Bin Əlini xalq ayağa qalxıb ölkədən qovanda deyirdilər ki, bu illər ərzində xalqa o qədər yalan danışaraq “hər şey yaxşı olacaq”x9d vədi verib ki, artıq bu ifadə söyüş kimi qəbul olunur. İndi də bir ildir ki, hökumətimiz bank kreditlərinə görə məmləkət insanını balaca uşaq kimi aldatmaqda davam edir. Bunun bir sonu olacaqmı?

- Prezidentin iqtisadi islahat təşəbbüsləri alqışa layiqdir və o bu strategiyanın lokomotivi kimi ölkənin postneft dövrünün reallıqlarını hər kəsdən yaxşı görür, atılmalı addımları, istiqamətlərui göstərir. Amma bunu həyata keçirməyə çevik komanda olmalı və dövlət başçısının bu təşəbbüslərinin təxirəsalınmadan həyata keçirilmıəsini bir an belə yubanmadan təmin etməlidirlər. Konkret olaraq bank sisteminə gəldikdə isə vəziyyətin kritik olduğu ortada. Bu məsələdə də dövlət başçısının xüsusi göstərişi var və o bank sistemin saflaşdırılması, sağlamlaşdırılması üçün bütün tapşırıqlarını verib. Yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası artıq iki aydır ki, ölkədəki bankların diaqnostikasını aparır. Bilirsiniz ki, mən və həmkarım Əli Məsimli ümumiyyətlə bank sistemindəki vəziyyətlə əlaqədar 14 səhifəlik təklif vermişik. Həmin təkliflər Milli Məclis sədri Oqtay Əsədova, Maliyyə Bazarlarına Nəzarət Palatasının direktorlar şurasının sədri Rüfət Aslanlıya, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirova təqdim edilib. Artıq bir aydan çox vaxt keçib. Qanunvericiliyin tələbinə görə bir ay müddətində bizə cavab verilməliydi. Amma cavab verilməyib. Doğrudur, müəyyən müzakirələr və danışıqlar aparılıb, amma ortada konkret qərar yoxdur. Ad çəkməyəcəm, iki gün bundan qabaq bir bank rəhbəri ilə danışdım, deyir ki, son bir ildə əhali həmin bankdan 26 milyon manat depiozitlərini geri götürüb. Yəni əhalinin bank sisteminə inamsızlığı ən pik həddə çatıb və bu inamsızlıq bu gün də davam edir. 

- Necə davam etməsin ki, valyutadəyişmə məntəqələrini ləğv etməklə bankları ikiqat inhisarçıya çevirdilər və indi banklar bala-bala əhalinin hər yüz dollarından 8 dollar oğurlamaqla əməlli - başlı qazanc götürülər. Dollar üçün banka yaxınlaşan da peşman, manat dalınca gedən də. Hər iki halda uduzuan vətəndaş, yumurtadan yun qırxansa banklar və onların gözəgörünməz himayədarlarıdır...

Ardı var...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin