İsraildə müvafiq qanunun qəbulundan sonra terrorçular barəsində ölüm hökmlərinin icrası üçün xüsusi infrastrukturun yaradılmasına başlanılıb.
Bizim.Media bu barədə “mignews.com”a istinadla xəbər verir.
Nəşrin məlumatında qeyd olunur ki, ölkənin mərkəzi hissəsində ölüm hökmünə məhkum edilmiş məhbuslar üçün ayrıca korpusun avadanlıqlarla təchiz edilməsi planlaşdırılır.
Kompleks çərçivəsində hökmlərin asılma yolu ilə icra edilməsi üçün xüsusi otaq nəzərdə tutulub. Həmçinin zərərçəkənlərin yaxınlarının proseduru izləyə bilməsi üçün otaqların, eləcə də həlak olanların ailə nümayəndələrinin obyekti ziyarət etməsi üçün şəraitin yaradılması planlaşdırılır.
Terrorçular üçün ölüm hökmü haqqında qanun Knesset tərəfindən 2026-cı ilin martında qəbul edilib. Qanun müəyyən hallar daxilində ölümlə nəticələnən terror hücumları törətməkdə təqsirli bilinən fələstinlilərin asılmasını nəzərdə tutur.
Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bəyan edib ki, bu kompleksin yaradılması onun terrorizmdə təqsirli bilinən şəxslərin saxlanma şəraitinin sərtləşdirilməsi və yeni qanunun icrası siyasətinin davamıdır. Bundan əvvəl də Ben-Qvir dəfələrlə terrorçular üçün ölüm hökmünün tətbiq edilməsinin tərəfdarı kimi çıxış edib.
Qəbul edilmiş qanunvericiliyə əsasən, ölüm hökmü asılma yolu ilə icra edilməlidir.

Bizim.Media


































































































