Kolumbiyada 7,4 maqnitudalı zəlzələdən bir həftə sonra səmanın qırmızı və narıncı rəngə bürünməsi sosial mediada böyük marağa səbəb olub.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, avqustun 10-da ölkənin qərbində, Çoko bölgəsindəki San-Xose-del-Palmar şəhəri yaxınlığında güclü zəlzələ baş verib. Kali, Pereira və Manizales kimi şəhərlərdə də zəlzələnin təsirləri hiss olunub.
Hadisədən təxminən bir həftə sonra, xüsusilə Qaleras ərazisindən paylaşıldığı bildirilən görüntülərdə gün batımı zamanı səmanın tünd qırmızı və narıncı rəngə çevrildiyi əks olunub.
Qeyri-adi mənzərə bəzi sosial şəbəkə istifadəçilərinin bunu zəlzələ ilə əlaqələndirməsinə səbəb olub.
Lakin mütəxəssislər qırmızı səma ilə zəlzələ arasında hər hansı əlaqənin olduğunu təsdiqləməyiblər. NOAA-nın məlumatına görə, günəş doğarkən və batarkən işıq atmosferdə daha uzun məsafə qət edir. Bu zaman mavi və bənövşəyi işıq daha çox səpələnir, qırmızı və narıncı tonlar isə daha qabarıq görünür. Atmosferdəki hissəciklər və buludlar da bu rənglərin intensivliyinə təsir göstərə bilər.
Beləliklə, sosial mediada yayılan iddialara baxmayaraq, qırmızı səmanın avqustun 10-da baş verən zəlzələnin nəticəsi olduğunu göstərən elmi sübut yoxdur. (milli.az)
Bizim.Media




































































































