Ukraynanın Odessa şəhərində səfərbərlik tədbiri keçirən hərbi komissarlıq əməkdaşlarına silahlı hücum olub.
Bizim.Media xəbər verir ki, yerli KİV-in məlumatına görə, hadisə Kosmonavtov küçəsində yerləşən yaşayış binasının qarşısında baş verib.
İlkin məlumata əsasən, hərbi formada olan Ukrayna Ərazi İşə Qəbul və Sosial Dəstək Mərkəzinin (TCK) əməkdaşları binaya səfərbərlik tədbirləri ilə bağlı gəliblər. Bu zaman bir kişi girişdən çıxaraq onlara tapança ilə atəş açıb.
Məlumata görə, atəş nəticəsində 4 TCK əməkdaşı yaralanıb. Hadisədən sonra şübhəli şəxsin mənzilə daxil olaraq barrikada qurduğu və saxlanılması üçün xüsusi əməliyyat hazırlığı görüldüyü bildirilir.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik tam açıqlama verilməyib.
Bizim.Media






































































































