İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Ukrayna Prezidenti Volodimir Zelenskini Birinci Dünya müharibəsi ərəfəsində fəaliyyət göstərən anarxistlərlə müqayisə edib.
Bizim.Media xəbər verir ki, Bəqai brifinqdə çıxışı zamanı Zelenskinin davranışının Avropanı böyük müharibəyə sürükləyən qüvvələrin hərəkətlərini xatırlatdığını bildirib.
"Ukrayna prezidentinin davranışı Birinci Dünya müharibəsi ərəfəsində nümayişkaranə və son dərəcə təhlükəli addımlar atan, nəticələri bütün Avropaya təsir edən anarxistlərin davranışını xatırladır", – deyə İran XİN rəsmisi bildirib.
Onun sözlərinə görə, Ukrayna rəhbərliyi dörd il əvvəl ölkəsini böyük dövlətlər arasında geosiyasi qarşıdurmanın alətinə çevirib.
Bəqai iddia edib ki, Kiyev bu müddət ərzində müxtəlif ölkələrə qarşı ittihamlar irəli sürüb və münaqişənin həllinə yönəlmək əvəzinə məsuliyyəti başqalarının üzərinə atmağa çalışıb.
"Ölkəsini və regionu, eləcə də müəyyən mənada bütün dünyanı müharibədən xilas etmək əvəzinə, daim günahı başqalarının üzərinə atıb", – deyə İran XİN-in sözçüsü vurğulayıb.
Bizim.Media


































































































