İyunda animasiya əfsanələrindən tutmuş elmi-fantastikaya qədər yaxın günlərdə kinoteatr salonlarına damğa vuracaq ekran işləri həyəcanla gözlənilir.
Bizim.Media "NTV.com.tr"yə istinadla iyunda premyerası baş tutacaq, dünya kinoteatrlarında təqdim ediləcək filmləri təqdim edir:
"İFŞA GÜNÜ"
Oskar mükafatlı usta rejissor Stiven Spilberqin 2022-ci il istehsalı olan “Fabelmanlar” filmindən sonrakı ilk ekran işi — “İfşa Günü” (Disclosure Day) iyunun 10-da ilk dəfə kinoteatrlarda nümayiş olunacaq. Rollarda Emili Blant, Coş O'Konnor, Kolman Dominqo, Kolin Fert, Uatt Rassell və Iv Hyusonun yer aldığı filmin ssenarisini Devid Kepp qələmə alıb.
Elmi-fantastika janrındakı “İfşa Günü” filmi yer üzündəki yadplanetli varlıqlardan bəhs edir.
"QORXULU KİNO 6"
“Qorxulu kino” seriyasının altıncı filmində Anna Feris, Recina Holl, Marlon Uayans və Şon Uayans rol alır. İyunun 5-də premyerası olacaq film iki dostun özlərini növbəti dəfə qatillərin, canavarların və fövqəltəbii varlıqların qarışdığı bir xaosun içində tapmasından bəhs edir.
"NORMAL"
Kiçik bir qəsəbədə müvəqqəti olaraq məmurluq edən bir adamın yerli bank soyğunundan sonra qəsəbədəki qaranlıq sirləri üzə çıxarmasını mövzu alan film iyunun 19-da izləyicilərlə görüşəcək. Rejissor kürsüsündə Ben Uitlinin əyləşdiyi ekran işində Bob Odenkörk, Rayan Allen və Billi Maklellan rol alıb.
"OYUNCAQ HEKAYƏSİ 5"
Əfsanəvi animasiya seriyasının beşinci hissəsi olan “Oyuncaq Hekayəsi 5” iyunun 19-da tamaşaçılara təqdim olunacaq. Ekran işi Vudi, Baz Layter və Cessi başda olmaqla, oyuncaqların texnoloji cihazlara və rəqəmsal dünyaya qarşı apardıqları sağ qalma mübarizəsindən bəhs edir.
"ROBİN HUDUN ÖLÜMÜ"
Maykl Sarnoskinin rejissorluğu ilə ərsəyə gələn “Robin Hudun Ölümü” filmi də iyunun 19-da nümayişə girəcək. Baş rollarını Hyu Cekman, Codi Komer və Bill Skarsqardın paylaşdığı ekran işi əfsanəvi personajın həyatının son dövrünü mərkəzə qoyur.
"SUPERGİRL"
Supermenin əmisi qızı Karanın macəralarından bəhs edən film Kriptonun məhvindən sonra sağ qalan Kara Zor-Elin qalaktikalararası səyahətdə şəxsi hesablaşmaya sürüklənməsini anladır.
Kreyq Gillespinin idarə etdiyi, ssenarisini isə Ana Noqeyranın yazdığı “Supergirl” filmində baş rolları Milli Alkok, Mattias Şonarts və İv Ridli canlandırır. Yenilənən DC Kainatının dördüncü filmi olan “Supergirl”, iyunun 26-da kinoteatrlarda olacaq.
"URCHIN"
İyunun 26-da premyerası keçiriləcək Harris Dikinsonun filmi həyatını qaydasına salmağa çalışarkən özünü məhv etmə dövrəsinin içində sıxılıb qalan, Londonda yaşayan evsiz Maykın hekayəsindən bəhs edir. Filmdə Frenk Dilleyn, Meqan Nortam, Karina Xımçuk, Şona Mari və Amr Uaked rol alıb.
Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
12:30 / 30.05.2026
Kinosevərlərin DİQQƏTİNƏ!
Hazırda oxunan: Kinosevərlərin DİQQƏTİNƏ!
Hazırda oxunan: Kinosevərlərin DİQQƏTİNƏ!
616192
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































