"Facebook"dakı "Deputat 2015" səhifəsində aparılan növbəti müzakirənin belə demək mümkünsə, qonağı YAP İdarə Heyətinin üzvü, parlamentin komitə sədri, professor Eldar İbrahimovdur. Amma çox əfsuslar olsun ki, müzakirələr yenə də "ənənəvi" müstəvidə- təhqir, söyüş, aşağılma müstəvisində gedir, hətta, bəzi userlərə-fb istifadəçilərinə səhifənin yaradıcıları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq...Odur ki, adıçəkilən səhifədə Eldar müəllimlə bağlı yazdığım şərhimi də oxucularla bölüşmək qərarına gəldim:
-Əvvəla, çox-çox və dərin təəssüfümü bildirmək istəyirəm ki, burada şərh yazanların bir çoxu Eldar müəllimi tanımırlar. Əgər onlar Eldar müəllimi azacıq da olsa tanısaydılar, tanımaq istəsəydilər və onun fəaliyyəti ilə maraqlansaydılar, qərəzli olmasaydılar, heç bir zaman bu cür əsassız və haqsız fikirlər səsləndirməzdilər. İnsan tanıdığı, az-çox fəaliyyətinə bələd olduğu birisi haqqında fikir yürüdə bilər və bu, daha ədalətli olar. Tanımadığın birisi haqqında fikir söyləmək isə ən azı ədalətsizlikdir, yenə deyirəm ən azı...İkincisi insan anadan olanda ya Kişi kimi doğulur, ya da sonradan "Kişi" olur...Eldar müəllim də anadan Kişi doğulanlardandır. Sözün əsl və həqiqi mənasında Azərbaycan-Türk Kişisidir, Kişi Adamdır! Xarakterinin, Şəxsiyyətinin Bütövlüyünə görə Kişidir! Bağışlamağı bacardığına, etdiyi təmənnasız yaxşılıqları dilinə gətirmədiyinə, hamıya imkanı çatan dərəcədə əl tutduğuna, yardım etdiyinə, mərdliyinə, sadələyinə, mehribanlığına, səmimiliyinə, insanlığına görə Kişi Adamdır! Eldar müəllim o İnsanlardan və o Şəxsiyyətlərdəndir ki, nəinki həmfikirləri, əqidədaşları, hətta rəqibləri, siyasi opponentləri tərəfindən də daim müsbət xarakterizə olunub. Onun haqqında indiyə kimi nə iqtidaryönlülərdən, nə bitərəflərdən, nə də müxalifyönlülərdən pis, mənfi bir fikir eşitmişəm. Hamı onu hər zaman müsbət qiymətləndirib, onu təqdir edib. Bu da heç də hər kəsə, hər Kişiyə qismət olan xoşbəxtlik deyil. Az-az adamlar tapılar ki, kimliyindən asılı olmayaraq, hamının rəqbətini qazansın. Ancaq Eldar müəllim o İnsanlardandır ki, belə bir xoşbəxtliyə nail olub. Eldar müəllimi 25 ilə yaxındır tanısam da, onunla əyani şəkildə haradasa 12-13 il olar ki, tanışıq. Bu müddət ərzində də onunla tanışlığımız dostluq, hətta, ata-oğul münasibətlərinə qədər yüksəlib və bundan da böyük şərəf duyuram. Şərəf duyur və qürur hissi keçirirəm ki, Eldar müəllim kimi bir dostum, ağsaqqallım, böyüyüm var və bu, hər zaman da belə olacaq, heç nə dəyişməyəcək. Eldar müəllim sadiq və sədaqətli Əliyevçidir, həm ata, həm də oğul Əliyevin ən yaxın, ən sadəqətli tərəfdarlarındandır, silahdaşlarındandır. Bəlkə də Eldar müəllim kimi 2-3 adam tapılar ki, Əliyevlər ailəsinə və siyasətinə bu qədər bağlı və sədaqətli olsun. Eldar müəllim YAP-ın yaradılmasının ilk təşəbbüsçüsüdür. Məhz onun təkidli xahişindən, israrından və təşəbbüsündən sonra Heydər Əliyev kimi siyasət ustası siyasi təşkilatın yaranmasına razılıq verib və bu işi Eldar müəllimə həvalə edib. Eldar müəllim məşhur "91-lər" dən olub, Heydər Əliyevin siyasətə qayıdışına və siyasi hakimiyyətə yenidən gəlişinə canı-dildən çalışanlardan, məlum müraciətə imza toplayanlardan olub. 1992-ci ilin mayında həyatını risqə ataraq Heydər Əliyevin keçmiş Ali Sovetin sədri vəzifəsinə namizədliyini irəli sürüb və bu təklifində sonacan israr edib və sair...Eldar müəllim həm də parlamentin ən parlaq simalarından olub və biridir. Ən fəal və ən aktiv komitə sədrlərindəndir (həmçinin, bu sıraya Hadi Rəcəblini, Əli Hüseynlini, Rəbiyyət Aslanovanı da əlavə etmək olar). 20 ilə yaxındır ki, parlamentin Aqrar siyasət komitəsinə uğurla rəhbərlik edir. Azərbaycan üçün ən vacib qanunlar, məcəllələr (Torpaq Məcəlləsi, "Torpaq islahatı haqqında" qanun və sair) hamısı onun komitəsindən, onun əlindən, ələyindən keçib. Bu qanunların hazırlanmasında, qəbul olunmasında və icraya yönəldilməsində onun əməyi və zəhməti müstəsnadır, misilsizdir. Eldar müəllim 20 ilə yaxındır ki, Azərbaycanı həm də beynəlxalq təşkilatlarda, xüsusilə, ATƏTPA-da uğurla və layiqincə təmsil edir. Pakistan parlamenti tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması ilə bağlı qətnamənin qəbul olunmasında da onun, vaxtilə rəhbəri olduğu Azərbaycan-Pakistan parlamentlərarası Dostluq Qrupunun böyük zəhməti və əməyi var. Bunları deməkdə və yazmaqda məqsədim odur ki, kimlərsə Eldar müəllim haqqında fikir yürüdəndə bir qədər özlərinə əziyyət verib onun fəaliyyəti ilə maraqlansınlar, sonra fikir bildirsinlər. Eldar müəllim haqqında saatlarla, günlərlə bəhs etmək olar, amma elə bilirəm ki, bunlar da arifə bir işarədir... Son olaraq Eldar müəllimə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram və arzu edirəm ki, onu (eləcə də Hadi müəllimi, Zahid Orucu-Zahid bəyi, Aydın müəllimi, Qüdrət bəyi, Rafael Huseyni, Bahar Muradovanı, Sahibə xanımı, Əli Hüseynlini və başqa bir neçə hazırki deputatı) növbəti - 6-cı dəfə də parlamentdə görək, Millətinin Vəkili kimi millətinə vəkillik fəaliyyətini bundan sonra da davam etdirsin!

































































































