Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi - FOTO

Hazırda oxunan: Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi - FOTO

638562

Sentyabrın 24-də Baş nazir Əli Əsədovun rəhbərliyi və Hökumət üzvlərinin iştirakı ilə "Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2027-ci il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə həsr olunmuş geniş iclas keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Baş nazir Əli Əsədov iclasda çıxış edərək 2027-ci il dövlət və icmal büdcə layihələri, növbəti üç il üçün icmal büdcənin göstəriciləri və sosial-iqtisadi inkişaf proqnozlarının Nazirlər Kabinetinə təqdim edildiyini bildirib.

Qeyd olunub ki, 2027-2030-cu illəri əhatə edən növbəti ortamüddətli dövr regionda cərəyan edən geosiyasi-iqtisadi proseslər və qlobal inkişaf meylləri fonunda ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.

Bildirilib ki, qarşıdakı dövrdə maliyyə resurslarının əsas prioritetlər üzrə düzgün istiqamətləndirilməsi, sosial-iqtisadi sabitliyin qorunması və strateji inkişaf hədəflərinin reallaşdırılması əsas vəzifələrdən olacaq.
 

Əsədov qeyd edib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər", "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur. Onun sözlərinə görə, 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri hazırlanıb, İqtisadi Şurada geniş müzakirə olunaraq Azərbaycan Prezidentinə təqdim edilib.


İclasda bildirilib ki, 2022-ci ildən 2026-cı ilin gözlənilən artım templəri nəzərə alınmaqla qeyri-neft-qaz sektorunun orta illik artım tempinin 5.1% olacağı gözlənilir.

Qeyd olunub ki, 2026-cı ilin yanvar-avqust aylarında ÜDM real ifadədə 1.2% artıb. Bu dövrdə qeyri-neft-qaz ÜDM-nin real artımı 2.1%, neft-qaz ÜDM-də isə 0.8% azalma qeydə alınıb. Əsas kapitala yönəldilmiş investisiyalar 10% artıb.

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının təxminən 91 milyard dollar təşkil etdiyi bildirilib. Bu göstəricinin xarici dövlət borcunu təxminən 20 dəfə üstələdiyi qeyd olunub.

Birbaşa xarici dövlət borcunun sentyabrın 1-nə 4.5 milyard dollar olduğu və proqnozlaşdırılan ÜDM-in 5.6%-ni təşkil etdiyi bildirilib. 2026-cı ilin ilk səkkiz ayında xarici ticarət balansının müsbət saldosunun 10 milyard dollardan çox olduğu qeyd edilib.

Bildirilib ki, 2026-cı ilin səkkiz ayında illik inflyasiya 5.7% təşkil edib. Növbəti ildə orta illik inflyasiyanın 5.3%-ə düşəcəyi və hədəf diapazonunda olacağı proqnozlaşdırılır.
 

2027-2030-cu illərdə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri dayanıqlı iqtisadi artımın dəstəklənməsi, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi, müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi, sosial müdafiə və sosial təminat tədbirlərinin davam etdirilməsi, rəqəmsal inkişaf və süni intellektin tətbiqinin sürətləndirilməsi, təhsil və innovativ inkişafın dəstəklənməsi, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, eləcə də təmiz ətraf mühit və "yaşıl artım"ın təmin olunmasıdır.


2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2.2% təşkil edəcək.

Makroiqtisadi proqnozlara əsasən, 2027-ci ildə ÜDM-in 2.7% artaraq 141 milyard manata çatacağı, qeyri-neft sektorunda isə 4.4%-lik real artım olacağı gözlənilir.

Qeyri-neft sektorunun ÜDM-də payının 2026-cı ilin sonuna gözlənilən 72,5%-dən 2030-cu ilin sonuna 82%-ə yüksəldilməsi hədəflənir.

2027-ci ilin dövlət büdcəsində sosialyönlü xərclərin ümumi büdcə xərclərində payının 44% olacağı proqnozlaşdırılır.

Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 8.8 milyard manat təşkil edəcəyi bildirilir. Bu, ümumi büdcə xərclərinin 21%-nə bərabərdir.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2020-ci ildən 2026-cı il də daxil olmaqla dövlət büdcəsindən ümumilikdə 25 milyard manatdan çox vəsait ayrılıb. 2027-ci ildə bu məqsədlə 3.4 milyard manat vəsait nəzərdə tutulub.
 

Bildirilib ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 47 yaşayış məntəqəsinə, o cümlədən 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda həmin ərazilərdə 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.


İclasda, həmçinin 2025-ci ildə və 2026-cı ilin ötən dövründə su, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi və turizm sahələrini əhatə edən dövlət proqramlarının qəbul edildiyi bildirilib.

Qeyd olunub ki, sentyabrın 22-də "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı" qəbul edilib.

Proqram çərçivəsində metallurgiya sənayesinin dayanıqlı inkişafının təmin edilməsi, yüksək əlavə dəyər yaradan istehsalın və ixrac potensialının genişləndirilməsi, qeyri-neft sənayesinin rəqabət qabiliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması əsas istiqamətlər kimi müəyyənləşdirilib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin