Azərbaycan fərqli dini inancları bir arada yaşada bilən, dünyəvilik və tolerantlıq prinsipini əsas tutan bir ölkədir. Bu, sadəcə gəlişigözəl söz deyil, ölkəmizdə həqiqətən də əhalinin böyük hissəsi müsəlman olmasına baxmayaraq, başqa dinlərə həmişə hörmətlə yanaşılıb, onların dini mərasim və ayinlərinin təşkilinə şərait yaradılıb. Elə tolerantlığın mahiyyəti də məhz fərqliliyə hörmət etmək, amma heç bir fərqliliyi başqasına nümunə göstərmədən, təbliğ etmədən yaşatmaqdır.
Azərbaycan qadınının geyimi hər hansı bir dinin və ya icmanın daşıyıcısı deyil
Dünyəvilik prinsipində qadının hüquqları və seçim azadlığı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadınının geyim tərzi yalnız müəyyən bir dinin və ya icmanın daşıyıcısı deyil. Təəssüf doğuran isə budur ki, Azərbaycan kimi dini dözümlülüyü nümunə göstərilən bir ölkədə qadın geyimindən bir təbliğat aləti kimi istifadə edirlər.
Cəmiyyətin ən həssas nöqtələrindən olan təlim-tədris sahəsində şagirdlərin heç bir sosial fərq qoymadan vahid, sadə, təvəzökar geyimini dini qarşıdurma predmetinə çevirmək əslində ciddi manipulyasiyadır. Çünki bu təxribatın arxasında dayananlar həssas təbəqənin məsələyə yanaşmasını, emosionallığını nəzərə alaraq, təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı qərarı qəsdən “dinə qarşı addım” kimi təqdim edirlər.
Bəs bu təbliğat oyunun arxasında dayanan kimlərdir?
Sosial şəbəkələrdə apardığımız araşdırmalardan belə məlum oldu ki, bu mövzuda təhdid və qanunsuz çağırışlar edən, gərginlik yaratmağa çağıran xüsusi profillər mövcuddur.
Diqqətlə nəzər yetirdikdə onların əksəriyyətində bir məqam nəzərə çarpır: əksər hesabların ya adında, ya da profilə qoyuduğu şəkildə, bəzən seçdiyi kontentdə şiə-İran simvolikası (“shia_jaferi”, “ehli_beyt”, “ya_habibi_hussain”, “meveddetul_islam”, “sefevi” və s.) açıq-aşkar görünür. Bunların çoxunun İranda yerləşən və ya İrandan idarə olunan hesablar olduğu bəllidir.
Belə olduqda bu hesabların paylaşımlarında Azərbaycanda təhsil müəssisələrində geyimlə bağlı qərarın sırf “hicaba məhdudiyyət” kimi təqdim edilməsində məqsəd aydındır: bu hesabların yaratmaq istədiyi “vətəndaş etirazı” görüntüsü onların fəaliyyətinin arxasında dayanan koordinasiyanı göstərir. İstifadə olunan dil, dini simvollar, çağırışlar və gündəmə gətirilən mövzuların İranın dini-təbliğat və yumşaq güc şəbəkələrinin fəaliyyət üslubu ilə ciddi oxşarlığı var.
Sahar TV tipli media platformaları, “Əhli-Beyt” şəbəkələri və “Hüseynilər” adı ilə fəaliyyət göstərən qruplarla mümkün bağlantılar bu profillərin ayrıca və daha dərin araşdırılmasını zəruri edir.
Qadın və uşaq hüquqlarını, öz təbirləri ilə desək, ləyaqətini müdafiə etmək adı ilə məsələni dini müstəviyə daşımaq, cəmiyyətdə narazılıq yarada biləcək mövzuları qabartmaq sosial qarşıdurmanı dərinləşdirməkdən başqa bir şey deyil. Sosial platformalarda bu qarışıqlığı yarada bilirlər, müşahidələr göstərir ki, bu cür kontentlərdə olan paylaşımlar ən çox baxılan və rəy yazılanlardır. Məsələn, hansısa bir paylaşımın altında 5-6 min rəy yazılır. Burada təhlükə sadəcə sosial media fəallığı görüntüsü deyil, mümkün manipulyasiyadır. Diqqətlə araşdıranda məlum olur ki, rəylərin böyük əksəriyyəti idarə olunan və ya saxta profillərdən yazılır.
Sual yarana bilər ki, ciddi-cəhdlə bu propaqandanı aparan İranın özündə qadınlar nə vəziyyətdədirlər?
Bu sualın cavabını daha çox sosial şəbəkələr verir. Vaxtaşırı müxtəlif platformalarda, xüsusən TikTok-da İranın zəngin həyat tərzi ilə seçilən qadınları ölkənin başıpozuq mənzərəsini gözlər önündə açır. Başıpozuq demişkən, İranda baş örtüsü qanunlarını pozan qadınların sayı da günü-gündən artmaqdadır.

2022-ci ildəki “Qadın, Həyat, Azadlıq” dalğasından sonra kütləvi şəkildə hicabdan imtina olundu. Küçələrdə, kafe və restoranlarda başıaçıq qadınlar indi adi mənzərəyə çevrilib. Doğrusu ona qədər də qara çadradan çoxdan uzaqlaşmışdılar, sadəcə başa rəmzi olaraq atılan incə şarfla qanunu “dəstəkləyirdilər”. Hazırda isə məcburi hicab qanununun icrasına faktiki olaraq əməl olunmur. Hakimiyyət bu məsələni yenidən sərtləşdirməyə cəhd etsə də, daxili böhran və müharibə şəraitində buna ya imkan tapa bilmir, ya da onsuz da dar ağacına qurban verdiyi gənclərin fonunda bir də qadın etirazı dalğasına tuş gəlmək istəmir.
Şəriəti qoruyanların elə öz ailə üzvləri ölkənin “təvazökar dini görünüşü”nə qarşı çıxırlar

Məlumat üçün deyək ki, İran dünyada adambaşına düşən estetik əməliyyatların sayına görə ən yüksək göstəricilərdən birinə malikdir. Şəriət qaydalarına görə caiz hesab olunmayan bu əməliyyatları elə şəriəti qoruyanların öz ailə üzvləri ya ölkədə ya da sərhədlərdən kənarda etdirərək açıq-aşkar ölkənin “təvazökar dini görünüşü”nə qarşı çıxırlar. Elə dünən müxalif kanallarda Tehranda binalardan birinin damında qadınların hicabsız, qərb tipli açıq geyimdə, DJ musiqisi altında keçirdikləri partinin görüntüləri trend olub.

Fotolarda açıq-saçıq geyinmiş qadınları əxlaq polisi nədənsə gözdən qaçırıb, deyəsən etiraz dalğasının altında DJ musiqisinin səsi də eşidilməz olub. Çünki bu dəqiqə İranın iqtisadi vəziyyəti onun mənəvi durumunu kölgədə qoyub. Yəni mədə mənəviyyatı ötüb: milli valyuta hər gün dəyər itirir, real gəlirlər düşür, enerji və su, ərzaq böhranı mövcuddur, ölkə ağır sanksiyalar və müharibədən payını alıb, digər tərəfdən də dar ağacı demək olar ki, hər üç evdən birindən cavan can alır.

Bütün bu daxili böhran şəraitində İran camaatının başı öz dərdinə qarışıb, dini idarəçilik təbliğatçıları isə öz əhalisindən əli üzüldüyündən qonşu ölkələrdə (əsasən də Türkiyə və Azərbaycanda) dini-ideoloji təsir şəbəkələrini aktiv saxlamağa çalışır. Hicab mövzusu da bu məqsəd üçün ən əlverişli alət kimi istifadə olunur, sosial media vasitəsilə gərginlik yaratmağa cəhd edilir. Halbuki İran başqa ölkələrə ayırdığı diqqəti öz problemlərinə yönəltsə, indiki zamanda həlli çətin görünsə də, ən azından yüngülləşdirə, mövcud böhranı idarə edə bilərdi...
Ancaq İranın ölkəmizdə bu cür təbliğat aparmaq cəhdi uğursuzluğa məhkumdur. Çünki Azərbaycan multikultural dəyərləri ilə dünyaya nümunə olan ölkədir. Ölkəmizin tarixi təcrübəsi də göstərir ki, yad ölkələrin apardığı təbliğat, sosial gərginlik yaratmaq planı cəmiyyətimizə heç bir halda təsir göstərə bilməz.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:15 / 24.09.2026
Cəmiyyəti hicabdan uzaqlaşan İranın Azərbaycanda təbliğat CƏHDİ
Hazırda oxunan: Cəmiyyəti hicabdan uzaqlaşan İranın Azərbaycanda təbliğat CƏHDİ
Hazırda oxunan: Cəmiyyəti hicabdan uzaqlaşan İranın Azərbaycanda təbliğat CƏHDİ
638524
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































