Rusiya və Ukraynanın Qara dənizdəki ticarət gəmilərinə hücumları izaholunmazdır və bu hücumların dayandırılması üçün tədbirlər görülməlidir.
Bizim.Media xəbər verir ki, bunu Nyu-York şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə bildirib.
Türkiyə Prezident Aparatının yaydığı bəyanata əsasən, görüş zamanı Ərdoğan qeyd edib ki, Türkiyə Ukrayna ilə Rusiya arasındakı müharibənin davamlı sülhlə başa çatması üçün əlindən gələni etməyə hazırdır:
“Biz birbaşa danışıqların bərpası istiqamətində səylərimizi davam etdirəcəyik”.
Ərdoğan vurğulayıb ki, Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməlidir:
“Bu hücumlar izaholunmazdır və tərəflərdən məsuliyyətli davranış gözləyirik".
Türkiyə lideri Ukrayna və Rusiyaya hücumların dayandırılması ilə bağlı təkliflər göndərildiyini açıqlayıb.
Xatırladaq ki, həmin hücumların bəziləri Türkiyə şirkətlərinə məxsus gəmilərə qarşı yönəlib və bu zaman Türkiyə və digər ölkə vətəndaşları həyatlarını itirib.
Bizim.Media

































































































