Jurnalist İlahə Allahverdiyevanın müəllifi olduğu "Mürəkkəb izi" kitabının Kəngərli rayonunun Qarabağlar kəndində iki ünvanda təqdimat mərasimi keçirilib. Nəşr həm Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarabağlar kənd filialına, həm də müəllifin məzunu olduğu Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin kitabxanasına təqdim edilib.
Bizim.Media xəbər verir ki, Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində təşkil olunan tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Aysel Səfizadə kitabın fonda bəxş edilməsini yüksək qiymətləndirib:
"Qarabağlar kəndinin yetirməsi, qələminə və sözünə hörmət etdiyimiz gənc jurnalist İlahə Allahverdiyevanın kitabxanamıza dəyərli hədiyyə olaraq təqdim etdiyi bu gözəl nəşrə görə dərin təşəkkürümüzü bildiririk. Müəllifin kitaba, mütaliəyə və doğma kəndinin kitabxanasına göstərdiyi diqqət bizim üçün olduqca qiymətlidir.
'Mürəkkəb izi' yalnız bir kitab hədiyyəsi deyil, eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, oxucularımızın mənəvi dünyasının zənginləşməsinə və mütaliə həvəsinin artırılmasına xidmət edən dəyərli bir töhfədir. İnanırıq ki, bu nəşr kitabxanamıza gələn hər bir oxucunun böyük maraqla müraciət edəcəyi mənəvi sərvətlərdən birinə çevriləcəkdir."
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarabağlar kənd filialının müdiri Rahilə xanım isə çıxışında müəllifin vətənpərvər fəaliyyətinə və kitabın əhəmiyyətinə diqqət çəkib:
"Bir Qarabağlar kənd kitabxanası filialının müdürü olaraq, kəndimizin yetirməsi olan İlahə xanımın kitab yazması, vətənimiz və xalqımız haqqında gözəl məqalələr ərsəyə gətirməsi bizim üçün qürurvericidir. Şəhidlərimiz haqqında yazmaq böyük məsuliyyət tələb edir.
İlahə xanım da böyük həssaslıqla araşdırıb, axtarıb, şəhid ailələri, anaları və bacıları ilə həmsöhbət olaraq bu kitabı ərsəyə gətirib. Biz kitabxanaçılar bir təbliğat maşınıyıq və yazarların əsərlərini geniş oxucu kütləsinə çatdırmaq bizim borcumuzdur. Torpaq uğrunda canından keçən şəhidlərimizi nəsillərdən-nəsillərə yaşatmaq üçün yazılan bu kitab kitabxanamızın en dəyərli küncündə yer alacaq."
Səfər çərçivəsində jurnalist İlahə Allahverdiyeva həmçinin təhsil aldığı Qarabağlar kənd 2 nömrəli tam orta məktəbi də ziyarət edib.
Məktəb rəhbərliyi və müəllim kollektivi ilə görüşən müəllif "Mürəkkəb izi" kitabını məktəbin kitabxanasına təqdim edib. Təhsil ocağının pedaqoqları ilə səmimi söhbət aparılıb, xatirələr bölüşülüb və birgə xatirə fotosu çəkdirilib.
Müəllim heyəti məzunlarının bu uğurunu yüksək qiymətləndirərək məktəblilərin mütaliə vərdişlərinə və vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verəcək bu hədiyyəyə görə təşəkkürlərini bildiriblər. Görüşlərin sonunda müəllif İlahə Allahverdiyeva hər iki müəssisənin kollektivinə göstərilən diqqət və səmimi ev sahibliyinə görə minnətdarlığını ifadə edib.




Bizim.Media

































































































