Azərbaycanda hansı universitetlər tələbələrə əlavə təqaüd verir? – SORĞU

Hazırda oxunan: Azərbaycanda hansı universitetlər tələbələrə əlavə təqaüd verir? – SORĞU

632820

Təqaüd tələbə üçün yalnız maddi dəstək deyil, həm də onun təhsil həyatında motivasiya yaradan amillərdən biridir. Xüsusilə yüksək nəticə göstərən tələbələr üçün verilən həvəsləndirici təqaüdlər akademik uğurun qiymətləndirilməsi, motivasiyanın artması baxımından mühüm rol oynayır.

Yaxın zamanda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universitetində tələbələrə həvəsləndirici təqaüdlərin ayrılmasına qərar verilib.  

Bəs Azərbaycanın başqa hansı universitetlərində həvəsləndirici təqaüdlər verilir? Bu təqaüdlər hansı göstəricilərə əsasən hesablanıb, verilir?

Bizim.Media mövzu ilə əlaqədar bir neçə universitetə sorğu ünvanlayıb.

Azərbaycan Texniki Universitetinin (AZTU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərovanın saytımıza açıqlamasına görə, AZTU-da  yüksək balla qəbul olunan abituriyentlər üçün xüsusi təqaüd verilir.
 

"Belə ki, 600 və daha yüksək bal toplayan, eləcə də respublika fənn olimpiadalarının qalibi olaraq imtahansız qəbul edilən bütün abituriyentlərə 4 il müddətində aylıq 200 manat məbləğində xüsusi təqaüd veriləcək.


Eyni zamanda, hər fakültə üzrə 500 baldan yüksək nəticə göstərən bir tələbəyə də 4 il müddətində aylıq 100 manat məbləğində xüsusi təqaüd veriləcək".

Açıqlamada vurğulanıb ki, sözügedən xüsusi təqaüdlər dövlət tərəfindən verilən təqaüddən əlavə ödəniləcək.  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova  isə qeyd edib ki, qəbul imtahanlarında 600–649 bal toplayan hər bir abituriyent universitetə qəbul olduqları ilk semestrdə aylıq 150 AZN, 650 və daha yüksək bal toplayanlar isə 300 AZN məbləğində xüsusi təqaüd alacaqlar.

Onun sözlərinə görə sonrakı semestrlərdə isə hər kurs üzrə 15 tələbə "TOP 15" təqaüdünü ala bilir:

"Hər semestrdə ən yüksək akademik göstərici (ÜOMG) əldə edən hər kurs üzrə 15 tələbəyə universitetin daxili vəsaiti hesabına əlavə əlaçı təqaüdü (200 manat) verilir".
 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev AZMİU-da 500-dən çox bal toplayaraq qəbul olan yeni tələbələrə aylıq 150, 600-dən çox bal toplayanlara isə aylıq 250 manat təqaüd verildiyini bildirib:  


"Həmçinin universitetdə çoxlu sayda adlı təqaüdlər, təcrübə proqramları çərçivəsində verilən təqaüdlər mövcuddur. Bunlar tələbələrin semestr ərzində göstərdikləri müvəffəqiyyətlərə əsasən hesablanıb, verilir".

Azərbaycan Dillər Universitetində isə fakültələr üzrə təqaüdlər mövcuddur.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı bildirib ki, universitetdə yüksək ümumi orta göstəriciləri ilə seçilən tələbələr əlavə təqaüdlə mükafatlandırılır.

O bu təqaüdlərin adlarını və fakültələrini də qeyd edib:

"İngilis və Fransız dili fakültəsi üzrə Məryəm Qarayeva təqaüdü, Tərcümə fakültəsi üzrə İsmixan Rəhimov təqaüdü, Filologiya fakültəsi üzrə Mircəlal Paşayev təqaüdü, İngilis və Alman dili fakültəsi üzrə Ağamusa Axundov təqaüdü,  Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi üzrə Əlimərdan bəy Topçubaşov təqaüdü,  Təhsil fakültəsi üzrə Fuad İbrahimbeyov təqaüdü verilir.

Bununla yanaşı, universitet üzrə ən yüksək ÜOMG (GPA) göstəricisinə malik bir tələbəyə də əlavə təqaüd təyin olunur".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin