Azərbaycanlılara məxsus İrəvandakı Göy məsciddən YENİ XƏBƏR VAR

Hazırda oxunan: Azərbaycanlılara məxsus İrəvandakı Göy məsciddən YENİ XƏBƏR VAR

612333

İran İrəvandakı tarixi Göy məscidə imam Rza ziyarətgahının müqəddəs bayrağını göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Bayraq “Günəşin kölgəsi altında” proqramı çərçivəsində, Kəramət ongünlüyünə həsr olunan mərasim zamanı Göy məscidə gətirilib.

Tədbirdə Ermənistanda yaşayan iranlılar və şiə müsəlmanlar iştirak ediblər. Mərasim zamanı imam Rza ziyarətgahından gətirilən bayraq qaldırılıb.

İranın Ermənistandakı səfiri Xəlil Şirqolami çıxışında Astan Qüds Rəzəvinin mədəni və mənəvi statusundan danışıb və bu qurumu İranın “yumşaq güc mərkəzi” adlandırıb.
 

Qeyd edək ki, Göy məscid, yaxud Hüseynəli xan məscidi İrəvanda azərbaycanlılara məxsus islam dini abidəsidir. Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib və Azərbaycan memarlıq nümunələrindən biri hesab olunur.


Eni 66 metr, uzunluğu 97,2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ən böyüyü və şəhərin əsas came məscidi olub.

Çar dövründə İrəvanda azərbaycanlıların ibadət etdiyi 8 məsciddən biri sayılan bu abidə 28 hücrə, kitabxana, ibadətgah və daxili həyətdən ibarətdir.

Sovet dövründə məscidin 24 metr hündürlüyündə olan 4 minarəsindən 3-ü sökülüb, 1952-ci ildə isə məscidin bir hissəsi planetariyə, digər hissəsi isə muzeyə çevrilib.

1995-2006-cı illərdə məscid İran şirkətlərinin köməyi ilə bərpa olunub və sonradan İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.

Britaniyalı tədqiqatçı Tomas de Vaal yazırdı ki, ermənilər İrəvandakı azərbaycanlılara məxsus məscidi “fars məscidi” adlandırmaqla onun azərbaycanlı kimliyini unutdurmağa çalışırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin