“Rəqib yaxşı, dişli komanda idi. Zaqreb “Dinamo”su Avropanın ən yaxşı akademiyalarından biridir. Buna baxmayaraq, mənə elə gəlir ki, keçən ildən fərqli olaraq bu dəfə komandamız daha yaxşı oyun sərgilədi. Bu il bişmiş kollektiv kimi daha yaxşı futbol sərgilədik. Lakin rəqibə müəyyən boşluqlar verdik. Eləcə də hakimin bəzi qərarlarından narazı qaldıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadiqov UEFA Gənclər Liqasında Zaqreb “Dinamo”suna 1:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Mütəxəssis bəzi çətinliklərdən də söz açıb:
“Üç gün əvvəl çempionatda əsas rəqiblərimizdən olan “Sabah”la qarşılaşmışdıq. Ona görə də eyni heyətlə qısa müddətdə ardıcıl iki çətin oyun keçirmək futbolçular üçün yorucudur. Bundan başqa, universitet məsələləri var. Bəzi futbolçular 6 saat dərsdə olub, sonra birbaşa, acqarnına məşqə gəlirlər. Yorğun olurlar, ayaqlar dolur. Bəzi futbolçular səhər oxuyur, bəziləri axşam.
Eləcə də əvəzedici komanda ilə məşq edən futbolçularımız da var. Yəni vəziyyət o qədər qarışıqdır ki... Hazırda uşaqları yığıb bu cür mübarizə aparmışıqsa, bu, özü böyük nailiyyətdir.
Özünüz də gördünüz ki, birinci hissədə gücümüz var idi, daha yaxşı, effektiv hücumlar edirdik, ikinci hissədə gücümüz qalmadı. Bu da dediyim kimi, bir çox amillərlə bağlıdır. Bəzilərini saydım”.
Sadiqov cavab oyunundan da söz açıb:
“Çalışacağıq ki, ikinci görüşə yaxşı hazırlaşaq. İki gün sonra çempionatda oyunumuz var. Bu görüşün təxirə salınması üçün müraciət etməyi düşünürük. Çünki çempionat matçından sonra səfərə yollanmaq futbolçular üçün çox çətin olacaq. Futbolçuların yorğunluğunu və zədə riskini də nəzərə almalıyıq. İstəyirik ki, cavab qarşılaşmasına fiziki baxımdan daha yaxşı durumda çıxaq”.
Bizim.Media

































































































