"Orhus" UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Sabah"ı qəbul edəcək.
Bizim.Media xəbər verir ki, Danimarka təmsilçisinin baş məşqçisi Yakob Poulsen matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.
Mütəxəssis Azərbaycan çempionunun güclü komanda olduğunu bildirib:
"Oyuna yaxşı hazırlaşmışıq və bizi nələrin gözlədiyimizi bilirik. "Sabah" əla mövsüm keçirmiş yaxşı komandadır. Onlar Azərbaycanın ən güclü komandası kimi tanıdığımız kollektivlə ("Qarabağ" red.) mübarizədə çempionatın qalibi oldular. Ona görə də sabah qarşılaşacağımız komanda olduqca güclüdür. "Sabah" səliqəli şəkildə təşkilatlanıb.
Rəqib böyük sərbəstliyə malik dörd oyunçudan ibarət güclü hücum xəttinə, eləcə də çox qol vuran mərkəz hücumçusuna sahibdir. Eyni zamanda, rəqiblərin qol imkanları yaratmasını çətinləşdirən möhkəm müdafiə xəttinə malikdirlər. Tanıdığımız komandalardan fərqli olaraq, yeni rəqiblə qarşılaşmaq maraqlıdır.
Həm komanda səviyyəsində, həm də fərdi müstəvidə liqadan fərqli yeniliklərlə üzləşmək oyunçular üçün əla sınaqdır.
Sabahkı oyun səbirsizliklə gözlədiyimiz bir sınaqdır. Klub və hamımız üçün maraqlı və mühüm dövrü yaşayırıq".
Qeyd edək ki, "Orhus" - "Sabah" qarşılaşması avqustun 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Bizim.Media





































































































