Bizon Azərbaycan Kubokunun 1/2 finalının ilk oyunları çərçivəsində Sumqayıtda baş tutan "Turan Tovuz" - "Zirə" qarşılaşmasında (0:2) pis idarəçiliyə görə cəzalandırılan hakimlərin - Əliyar Ağayevlə Cavid Cəlilovun hansı müddətə kənarda qalacaqları bəlli olub.
Bizim.Media xəbər verir ki, aprelin 3-də reallaşan görüşdə baş hakim funksiyasını yerinə yetirən Ağayev və matçın VAR hakimi Cəlilov azı 5 tur məcburi istirahət edəcəklər.
Lakin elitanın qarşıdakı turlarında hakim idarəçiliyi ilə bağlı narazılıqlar davam edəcəyi halda, sözügedən ədalət təmsilçiləri bu mövsüm Premyer Liqada gözə dəyməyəcəklər.
Xatırladaq ki, iki epizodda "Zirə"nin qapısına penalti təyin etməyən Ağayevin oyunun nəticəsinə təsir edən yanlış qərarlar verdiyini Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da təsdiqləyib.
Bizim.Media


































































































