Ukrayna müdafiə qüvvələri Kalınovoye yaxınlığındakı ərazini geri qaytarıb.
Bizim.Media xəbər verir ki, bu barədə DeepState analitikləri məlumat verib.
Qeyd edək ki, Kalınovoye Kupyansk rayonunda, Zapadnoye yaşayış məntəqəsinin cənubunda yerləşir. Xəritəyə əsasən, müdafiə qüvvələri "boz zona"ya daxil olaraq irəliləyib və onun sərhədini daha şərqə Oskol çayına yaxınlaşdırıb.
Eyni zamanda, ekspertlər iki yaşayış məntəqəsinin – Vasilyevka və Şevçenkonun bilavasitə yaxınlığında Rusiyanın irəliləyişini qeyd edirlər. Hər ikisi Dobropolyanın cənubunda yerləşir. Rusiya buradan Ukrayna qoşunlarının nəzarətində olan mühüm müdafiə qovşağına doğru irəliləməyə çalışır.
Xatırladaq ki, 28 sentyabrda DeepState ekspertləri Ukraynanın "Vivaldi" əməliyyatının yeni nəticələri barədə məlumat vermişdilər. Belə ki, müdafiə qüvvələri Liman rayonunda daha üç yaşayış məntəqəsini – Ridkodub, Novoye və Katerinovkanı azad edib.
Əməliyyata rəhbərlik edən 3-cü Ordu Korpusu bildirib ki, hücum nəticəsində Ukrayna qoşunları 250-dən çox rus işğalçısını əsir götürüb. Ümumilikdə, əməliyyat başlayandan bəri müdafiə qüvvələri 176 kvadrat kilometr Ukrayna ərazisini azad edib.
Rusiya-Ukrayna müharibəsinin veteranı Yevgeni Dikinin qeyd etdiyi kimi, Müdafiə Qüvvələri bu əməliyyat zamanı klassik hücum taktikalarından istifadə etmir. Onun sözlərinə görə, strategiya əsasən PUA-ların tətbiqi ilə rus qoşunlarını mövqelərindən geri çəkilməyə məcbur etməyə əsaslanır. Bundan sonra Ukrayna ordusu yaşayış məntəqələrini işğalçı qüvvələrdən təmizləmək üçün irəliləyir.
Bizim.Media































































































