Ermənistan Müdafiə Nazirliyi ordunun İran və Hindistandan alınan hava hücumundan müdafiə sistemləri ilə keçirdiyi təlimlərin görüntülərini yayıb.
Bizim.Media xəbər verir ki, təlimlər zamanı İranın qısa mənzilli “Əqrəb” (“Majid”) hava hücumundan müdafiə sistemi və Hindistanın orta mənzilli “Akash” sistemi nümayiş etdirilib.
Görüntülərin yayılması Ermənistanın İranla təhlükəsizlik əməkdaşlığını genişləndirdiyi bir vaxtda baş verib.
Bu əməkdaşlıq Ermənistanın təhlükəsizlik siyasətindəki ziddiyyətləri üzə çıxarır. Bir tərəfdən Qərblə hərbi və siyasi əlaqələrini genişləndirən İrəvan, digər tərəfdən ABŞ və Qərbin ciddi təzyiq altında saxladığı İranla müdafiə sahəsində əməkdaşlığını dərinləşdirir.
İran istehsalı HHM sistemlərinin Ermənistan ərazisində nümayiş etdirilməsi isə bu münasibətlərin artıq siyasi bəyanatlardan kənara çıxaraq hərbi-texniki müstəviyə keçdiyini göstərir.
Bizim.Media































































































