Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına uyğun olaraq iyunun 29-dan iyulun 3-dək ölkəmizdə "Türk Dünyası Həftəsi" keçiriləcək. Azərbaycan yenidən türk dünyasının alimlərini, ziyalılarını, siyasətçilərini və mədəniyyət xadimlərini eyni amal ətrafında bir araya gətirəcək.
Bizim.Media xəbər verir ki, “Space TV” "Türk Dünyası Həftəsi" ilə bağlı xüsusi reportaj hazırlayıb.
“Bəzən tarix bir şəhərdə yazılır... Elə şəhərlər var ki, zaman keçsə də, öz missiyasını dəyişmir. Düz yüz il əvvəl Bakı təkcə Azərbaycanın deyil, bütün türk dünyasının elm, fikir və mədəniyyət mərkəzinə çevrilmişdi. 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultay yalnız elmi toplantı deyildi.
Bu, türk xalqlarının ortaq dili, ortaq əlifbası, ortaq tarixi və ortaq gələcəyi uğrunda atılan ən mühüm addımlardan biri idi.
Məhz burada qəbul olunan qərarlar sonrakı onilliklərdə türk xalqlarının milli özünüdərk prosesinə, mədəni inteqrasiyasına və ortaq düşüncə məkanının formalaşmasına güclü təsir göstərdi. Bir əsr sonra həmin tarixi missiya yenidən Bakıya qayıdır”, - deyə reportajda qeyd olunub.
Videoreportajda həmçinin Birinci Türkoloji Qurultayın qurultayın önəmindən, uzun illər siyasi maneələrlə üzləşən türk birliyi ideyasından söz açılıb.
Professor Nadir Məmmədli uzun illər apardığı araşdırmalar nəticəsində üzə çıxarılan yüzlərlə məxfi sənəd göstərir ki, Birinci Türkoloji Qurultay yalnız elmi hadisə olmayıb. Onun hər addımı diqqətlə izlənilib, iştirakçıların siyahısından qəbul ediləcək qərarlara qədər bir çox məsələlər siyasi nəzarət altında saxlanılıb.
Akademik Nizami Cəfərov isə Birinci Türkoloji Qurultayın türk dünyasının intellektual tarixində rolu, həmin ideyaların bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində gerçəkləşməsi, Azərbaycanın türk dünyasının elmi-mədəni mərkəzi kimi mövqeyi və Qarabağ Zəfərindən sonra yaranan yeni geosiyasi reallıq fonunda Türk dünyasının daha da yaxınlaşması kimi məsələlərdən söz açıb.
Məlumat üçün bildirək ki, “Türk Dünyası Həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində "Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi" mövzusunda beynəlxalq konqres keçiriləcək.
Dünyanın 20 ölkəsindən 80-dən çox tanınmış türkoloq alim Bakıda bir araya gələcək.
Qonaqlar üçün Birinci Türkoloji Qurultaya həsr olunmuş interaktiv sərgi, süni intellekt texnologiyaları əsasında hazırlanmış xüsusi film nümayiş etdiriləcək. Bakı Dövlət Universitetində türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisinə dair beynəlxalq konfrans keçiriləcək.
AMEA-da panel müzakirələri təşkil olunacaq, Dənizkənarı Milli Parkda açıq hava konserti baş tutacaq.
Konqres iştirakçıları Ağdam, Şuşa və Xankəndiyə səfər edəcək, Qarabağ Universitetində isə Birinci Türkoloji Qurultayın elmi və konseptual irsi müzakirə olunacaq.Həftənin sonunda türkologiyanın növbəti yüzilliyi üçün prioritet istiqamətləri müəyyən edən yekun sənəd qəbul ediləcək.
Qeyd edək ki, videosüjetin müəllifi "Space" televiziyasının “Xəbərlər” departamentinin rəhbəri Sahil Tahirli, redaktoru isə Diana Cəlalidir.
Bizim.Media




































































































