Şəki şəhərinin Şin kəndində dünən axşam saatlarından başlayan fasiləsiz leysan yağışları ciddi fəsadlara səbəb olub. Güclü sel suları kəndin asfalt yollarını yuyaraq yararsız hala salıb, nəticədə kənddaxili gediş-gəliş xeyli çətinləşib.
Kənd sakini Rahib Əsgərovun Bizim.Media-ya verdiyi məlumata görə, bir neçə gündür davam edən əlverişsiz hava şəraiti kəndə böyük ziyan vurub.
MÖVZU İLƏ BAĞLI:
Rayonlara güclü yağış yağır - FAKTİKİ HAVA
Onun sözlərinə görə yağan güclü dolu və kəndin yaxınlığındakı çayın daşması da ciddi zərərlə nəticələnib:
“Dünən axşam yağan güclü leysan nəticəsində meyvə bağlarına, tərəvəz sahələrinə və kənd yollarına böyük ziyan dəyib. Əkdiyimiz tərəvəz və digər bitkiləri sel suları aparıb. Meyvə ağaclarındakı məhsullar tökülərək məhv olub. Taxıl və ot sahələri də ciddi zərər görüb. Bu il çəkdiyimiz zəhmət demək olar ki, bir neçə gün ərzində puça çıxdı”, – deyə kənd sakini bildirib.
Hazırda kəndin yaxınlığından keçən Şin çayında suyun səviyyəsinin artdığı bildirilir. Sakinlər hava şəraitinin daha da ağırlaşacağından narahatdırlar.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu



































































































