Tanınmış tarixçi kənd adlarının dəyişdirilməsinə etiraz etdi

Hazırda oxunan: Tanınmış tarixçi kənd adlarının dəyişdirilməsinə etiraz etdi

82251

Məlum olduğu kimi, bugünlərdə bəzi kəndlərin adında dəyişiklik edilib. Lakin bu dəyişiklik cəmiyyətdə heç də birmənalı qarşılanmayıb.

Moderator.az xəbər verir ki, kənd adlarının dəyişdirilməsi AMEA-nın Tarix İnstitunun aparıcı elmi işçisi, tanınmış pedaqoq və tarixçi Dilavər Əzimlinin kəskin etirazına səbəb olub. Görkəmli tarixçi kənd adlarına bu şəkildə müdaxiləni əsl təhlükə kimi qiymətləndirib:

“Dəyişdirilən bəzi kəndlərin adları bizim üçün anlaşılmaz oldu. Düzü, təəccübləndim. Bu adları kim fikirləşib. Hörmətli tarixçilər, niyə səsiniz çıxmır? Cəlilabadda Kövüzbulaq, Badamağac kəndlərinin adlarının dəyişdirilməsi kimlərin maraqlarına xidmət edir? O biri rayonlarda Cəyirli, Şıxlar kəndlərinin adlarının dəyişdirilməsi düzgündürmü? Mən özüm Cəlilabaddanam. Tarixi də həmin adları dəyişdirənlərdən yaxşı bilirəm. Cənablar, siz düşünürsünüz ki, bəzi rayonlarda eyni adlı kəndlər var. Ona görə də dəyişdirirsiniz. Bu nə düşüncədir? Bu adları dəyişdirmək əvəzinə, Yuxarı və Aşağı Kövüzbulaq adları, yaxud Yuxarı və Aşağı Badamağac adları kimi yazmaq olardı. Sizə bu ixtiyarı kimlər verdi? Bəlkə naxələf qonşularımızdan öyrənmisiniz? Tarixə bu qədər sayğısızlıq olarmı? Bu kəndlərin adları qədim türk tayfalarının adı ilə bağlıdır. Kövüzbulağı Soyuqbulaq edənlər, bəlkə könlünüzə bulaq başında yeyib-içmək düşüb. Vətən tarixinə belə sayğısızlıq olarmı? Kim sizə hüquq verdi ki, Cəyirli sözünü dəyişdiniz. Bu söz Cəkürlü tayfasının adındandır. Silin qədim türk tayfasının adını tariximizdən. Onsuz da bu vətən parça-parça olub. Gürcülər bir tərəfdən, farslar o biri tərəfdən, ermənilər digər tərəfədən kənd və şəhərlərimizin adlarını dəyişdirirlər. Sizlər də onlardan geri qalmaq istəmirsiniz. Dəhşətdir! Mümkünsə, həmin adları təklif edənlərin adlarını açıqlayın və biz də onlardan hesab soruşaq. Belə getsə adlarımızda bir dənə də olsun türk adı qalmayacaqdır!”x9d

 

Fateh Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin