MDB ölkələrinin baş qərargah rəislərinin Bakı səfərindən sonra Rusiya və Azərbaycan arasında hava hücumundan birgə müdafiə ilə bağlı razılığın əldə olunması hərbi-siyasi ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Budapeşt müqaviləsinə əsasən Ukraynanın müstəqillik və suverenliyinin qarantı elan olunsa da, bu suverenliyə elə özü qəsd edən Rusiya ilə rəsmi Bakının belə bir müqavilə imzalaması, qurdun quzu ilə ittifaqı kimi dəyərləndirilməkdədir. Çünki ekspertlərin böyük əksəriyyəti hesab edir ki, Azərbvaycan üçün başlıca təhlükə elə Rusiyanın özüdür və onunla belə bir əməkdaşlıq absurtdur.
Moderator.az-a açıqlama verən “Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti” Azərbaycan Mərkəzinin rəhbəri, hərbi ekspert Ələkbər Məmmədov da hesab edir ki, baş verənlər həqiqətən də məntiqsiz və milli maraqlara ziddir:
“Görünür, Ukrayna ilə bağlı son proseslər Azərbaycan hakimiyyətinə dərs olmadı. Bilmək istərdim, nə vaxta qədər Azərbaycan hakimiyyəti öz maraqlarına görə Azərbaycan xalqının başını yerə soxacaq? Məhz Azərbaycan hakimiyyətinin yürütdüyü bu cür səriştəsiz siyasətin nəticəsidir ki, dünya Azərbaycanın Qarabağ problemini qulaq ardına vurur. Və günahkarı kənarda yox, Azərbaycan hakimiyyətində görmək lazımdır. Özünü hər yerdən sığortalamaq üçün iqtidarın apardığı o “balans” siyasəti bütün dünyanı Azərbaycana qarşı qoymuşdur. Ukrayna ərazisinin Rusiya tərəfindən işğal olunması ilə əlaqədar beynəlxalq aləmin Rusiyaya qarşı sanksiyalar irəli sürdüyü bir vaxtda Azərbaycan hakimiyyətinin Rusiya ilə əməkdaşlıq etməsi, hətta hava məkanından birgə müdafiə olunması sahəsində razılıq əldə etməsi yolverilməzdir və siyasi faişəlikdən başqa bir şey deyildir. Azərbaycan hakimiyyətinin Baltikyanı ölkələr, Ukrayna, Gürcüstan dövlətləri kimi addım atmamağına səbəb onun antidemokratik, avtoritar, korrupsioner və cinəyatkar bir rejim olması ilə bağlıdır.
Azərbaycan hakimiyyətinə deyən lazımdır ki, sənin Qarabağ problemin kimi bir problemin vardır. Fürsətdən istifadə edib bu problemi qaldırıb və bunun Rusiyanin oyunu olduğunu dünyaya bəyan etmək əvəzinə durub bir nömrəli düşmənlə hansısa bir sahədə əməkdaşlıq edirsən. Bu, absurtdur. Ruslar nahaq yerə bizlərə "çurka" demir ki? Ukraynanın Krım ərazisində və şərqində baş verənlər vaxtilə Qarabağda baş verirdi. Putinin ermənılər haqda - "üç yüz il bundan əvvəl reformator Pyotr demişdir ki, erməniləri yerləşdirib başlarını sığallayın, .... onlara şərait yaradın... Bu deyilmişdir və edilmişdir" dediklərindən görəsən Azərbaycan hakimiyyətinin xəbəri varmı? Rusiya heç vaxtı Azərbaycanın və nəinki Azərbaycanın, bütün türk aləminin dostu olmayıb. Türk torpaqlarının Rusiya tərəfindən işğal olunduğu bəlli məsələdir. Türkün birinci düşməni Rusiyadır. Və ondan mənfəət gözləmək cəfəngiyyatdır. Bu məsələnin bir tərəfi. Digər tərəfi isə - Rusiya sözünün üstündə dayanmayan və beynəlxalq qanunlara məhəl qoymayan ölkədir. Onunla istənilən hər hansı bir sahədə əməkdaşlıq etmək müstəqilliyi itirib asılı vəziyyətə düşməklə nəticələnir. Rusiya köhnə məkanı geri qaytarmaq üçün əlindən gələni edir. Bundan ötrü hiyləgərlik edib min dona girir. İstənilən alçaqlığa əl atır. O dünyada belə ad çıxarıb. Təəssüflər olsun ki, bu hələ də bu günə kimi Azərbaycan hakimiyyətinə tarixdən dərs olmur. Rusiyanın Baş Qərargah rəisinin Bakıya olan səfərinin bir səbəbi də var ki, Azərbaycan qazının Avropaya idxalının qarşısını almaqdır. Mən demişəm və bir daha deyirəm - Azərbaycanın gələcəyi Qərblədir. Əgər Azərbaycan vətəndaşının xoşbəxt, firəvan və azad yaşamağını istəyiriksə Qərbə inteqrasiya etməliyik”.
Seymur Əliyev




































































































