Milli Təhlükəsizlik Nazirliyi
jurnalist Pərviz Həşimli üçün aparılan qəzetləri qəbul etməyib. Yayım firması
onun istədiyi qəzetləri abunə qaydasında nazirliyə çatdırsa da, qəbul
şöbəsindən bildiriblər ki, burada bütün saxlanılanlara lazım olan qəzetlər
verilir.
MTN-in İstintaq Təcridxanasında saxlanılan P.
Həşimli milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib. O,
müraciətində minimal hüquqlarının təmin olunmasını istəyib. Bu barədə
jurnalistin vəkili Elçin Sadıqov bildirib. “Pərviz müraciətində yazıb ki,
saxlanma yerləri ilə bağlı Baş Prokurorluq və MTN-in razılaşdırdığı qaydalara
riayət olunmur. Ailəsi ilə görüşünə icazə verilmir, məktub və telefonla
ünsiyyət yaratmağa da imkan verilmir. Qəzetlərin də ona çatdırılmadığını
bildirib”.
Vəkil bildirib ki, 7 oktyabrda
jurnalist barədə seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz
olunması barədə apelyasiya şikayəti verib. O əlavə edib ki, P. Həşimli ilə
görüşdən çıxarkən yenidən əlindəki qeydləri alıb rəisin otağında sürətini
çıxarıblar. Vəkil bunun qanunsuz olduğunu desə də, buna məhəl qoyulmayıb.
Pərviz Həşimlinin atası Kamran
Həşimov Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevə ironik
müraciət göndərib. Müraciətdə yazılıb: “Doğrudanmı, bizim sərhədlərimiz bu
dərəcədə bərbad vəziyyətdədir ki, hər dəfə bir şəxs istədiyi miqdarda
silah-sursatla sərhədimizi pozaraq ölkəyə keçir? Əgər belədirsə, ölkəmizin
daxilində təhlükəli vəziyyət yaranıb. Hər tərəf, künc-bucaq, jurnalistlərin
evləri silah-sursatla doludur. Hətta qoymağa yer tapmadıqları üçün tapançaları
öz körpə uşaqlarının oyuncaqlarının içərisinə yerləşdirirlər ki, qoy körpələr
də ”silahla davranmağ"ı öyrənsinlər. Çünki torpaqlarımız düşmən işğalı
altındadır".
İşgəncələr Əleyhinə Azərbaycan
Komitəsinin rəhbəri Elçin Behbudov bizə açıqlamasında dedi ki, 8 oktyabrda -
seçki günü MTN-in təcridxanasında keçirilən seçkiləri müşahidə etmək üçün orada
olacaq: “DİN-in tabeliyində olan cəzaçəkmə müəssisələrində olanlar Bakıdakı
istintaq təcridxanalarında səs verirlər. MTN-in təcridxanasında saxlanılanlar
isə elə orada səs verirlər. Mən də seçki günü MTN-in təcridxanasında olacağam
və oradakı səsverməni müşahidə edəcəyəm”.
Müsahibimiz görüş zamanı həbsdə
olduğu gündən indiyə kimi P.Həşimliyə qarşı hər hansı işgəncə faktının
olub-olmamasını da soruşacaq. Hüquq müdafiəçisi həbsindən ötən bu uzun müddət
ərzində jurnalistlə niyə görüşməməsinin səbəblərini də açıqladı: “Bilənlər bilir,
mənim səhhətimdə ciddi problemlər var. Görüş ona görə yubandı. Bundan başqa,
bizim bir anlaşmamız da var ki, ayda bir dəfə qabaqcadan deyilməmək şərti ilə
MTN-in təcridxanasına gedə bilərəm. Pərvizin həbsindən qısa müddət öncə ora
getmişdim deyə görüş baş tutmurdu”.
Xatırladaq ki, P.Həşimli sentyabrın
17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona
qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah,
onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma)
maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbayel Rayon Məhkəməsi
tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Pərviz Həşimli ittihamları qəbul
etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs
edildiyini bəyan edir.




































































































