Milli Təhlükəsizlik Nazirliyi jurnalist Pərviz Həşimli üçün aparılan qəzetləri qəbul etməyib. Yayım firması onun istədiyi qəzetləri abunə qaydasında nazirliyə çatdırsa da, aparsa da, qəbul şöbəsindən bildiriblər ki, burada bütün saxlanılanlara lazım olan qəzetlər verilir.
Qeyd edək ki, Pərviz Həşimli vəkili ilə görüşündə ailəsi ilə
görüşməyə, telefon əlaqəsi saxlamağa şərait yaradılmamasından, saxlanma şəraitindən
və istədiyi qəzetlərlə təmin edilməməsindən narazılığını bildirmişdi.
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin
keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş
sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş
sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və
barəsində Səbael rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri
seçilib.
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və
jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir.
Moderator.az

































































































