“Yeni Azərbaycan partiyası(YAP) özü üçün “siyasi akvarium” düzəldib. Prezident rayonlara səfər edəndə belə, öz adamlarını qabağa verib, xalqla məsafə saxlayırlar. Çünki xalqın ittihamlarından qorxurlar”
Bu sözləri “Azadlıq” radiosuna verdiyi açıqlamasında Milli Şuranın ehtiyat vahid namizədi professor Cəmil Həsənli deyib.
Səsləndirilən ittihamla bağlı Moderator.az-a açıqlama verən YAP-çı millət vəkili Aydın Mirzəzadə isə Cəmil Həsənlini qeyri-dəqiq informasiyalar yaymaqda günahlandırıb:
“Təəssüf edirəm ki, prezidentliyə namizəd olan bir şəxs xalqın problemləri ilə məşğul olmaq əvəzinə, bu kimi qeyri-dəqiq məlumatlar yaymaqla məşğuldur. Ölkə prezidenti bütün səfərlərində ictimaiyyət nümayəndələri ilə görüşlərə xüsusi diqqət ayırır. Məsələn, cənab prezident Mingəçevirə son etdiyi son səfəri zamanı da ictimaiyyət nümayəndələri ilə görüşüb, onların problemləri ilə şəxsən tanış olmuşdu”.
Xəyal Əzizov




































































































