İlon Mask "SpaceX"in zəfərini kosmodromda mühəndislərlə qeyd etdi

Hazırda oxunan: İlon Mask "SpaceX"in zəfərini kosmodromda mühəndislərlə qeyd etdi

619788

Yeni trilyonçu İlon Mask "SpaceX" şirkətinin birjaya uğurlu çıxışını (IPO) onu bu zirvəyə daşıyan işçi heyəti ilə birlikdə qeyd edib.

Bizim.Media xəbər verir ki, insayderlərin verdiyi məlumata görə, Mask ötən cümə günü baş tutan tarixi IPO-nu şirkətin Texasın cənubundakı "Starbase" start kompleksində qeyd etməyə üstünlük verib.

Mənbə bildirir ki, milyarder əslində sadə insandır və belə tarixi anları məhz şirkətin mühəndis heyəti ilə bölüşməyi xoşlayır. Sosial şəbəkələrdə yayılan fotolardan görünür ki, bayram tədbirində "Tesla"nın 52 yaşlı təsisçisini qardaşı Kimbal və bacısı Toska Mask da müşayiət edib.
 

Kosmodromdakı sadə qeyd etmədən fərqli olaraq, "SpaceX"in yüksək rəhbərliyi bu uğuru Nyu-Yorkun elit "NoHo" rayonunda yerləşən qapalı "Zero Bond" klubunda və "JP Morgan" investisiya bankının rəsmi qəbulunda təmtəraqla qeyd ediblər. Parallel olaraq, korporasiyanın törəmə müəssisəsi olan "xAI"ın əməkdaşları üçün Çelsi rayonundakı "The Yacht Club"da kokteyl partisi təşkil olunub.


Ötən cümə günü "SpaceX"in aksiyaları "Nasdaq" birjasında ticarətə başlayıb və sessiyanın bağlanışında hər aksiya üçün 161,11 dollar dəyərinə çatıb. Bu, nəzərdə tutulan hədəfdən 19% yüksəkdir. Nəticədə şirkətin bazar kapitallaşması 2 trilyon dolları ötərək onu planetin ən bahalı 6-cı şirkətinə çevirib, İlon Mask isə rəsmən dünyanın ilk trilyonçusu statusunu qazanıb.

Birja zəngini elə "Starbase" kosmodromundan vuran Mask bəyan edib ki, "SpaceX"in məqsədi elmi fantastikanı reallığa çevirmək və insanlığı Aya, Marsa və daha uzaqlara aparmaqdır.

Qeyd edək ki, aksiyaların artımı növbəti həftənin bazar ertəsi günü də davam edərək daha 20% yüksəlib.

Bu tarixi müvəffəqiyyətlə İlon Mask dünyanın ən varlı insanları siyahısında liderliyini daha da möhkəmləndirib. Hazırda dünya milyarderləri reytinqində ikinci və üçüncü yerləri müvafiq olaraq "Google"un həmtəsisçiləri Larri Peyc və Sergey Brin tuturlar. "Amazon"un rəhbəri Ceff Bezos dördüncü, "Meta"nın rəhbəri Mark Zukerberq isə beşinci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin