Nikah müqaviləsi son illərdə evlənməyə hazırlaşan cütlüklər arasında daha çox maraq doğuran hüquqi sənədlərdən birinə çevrilib. Bu müqavilə boşanma və ya əmlak bölgüsü zamanı tərəflərin hüquqlarını əvvəlcədən müəyyən etməyə imkan verir.
Bəs nikah müqaviləsi hansı hüquqi təminatları yaradır və hansı məsələləri bu sənədlə tənzimləmək mümkün deyil?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Rəhim Xoyski “Demokrat.az”a bildirib ki, nikah müqaviləsi nikah bağlanmazdan əvvəl və ya nikah dövründə ər-arvad arasında bağlanan, onların nikah müddətində və ya nikah pozulduğu halda əmlak hüquq və vəzifələrini müəyyən edən sazişdir.
"Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətə dair qanunla müəyyən edilmiş rejimi dəyişdirərək bütün əmlaka, onun ayrı-ayrı növlərinə və ya hər birinin şəxsi əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Müqavilə həm mövcud, həm də gələcəkdə əldə olunacaq əmlaka münasibətdə bağlana bilər.
Tərəflər bir-birinin gəlirlərindən istifadə qaydasını, ailə xərclərinin hansı qaydada bölüşdürüləcəyini də müəyyən edə bilərlər. Bundan başqa, nikah pozulduğu halda tərəflərin hər birinə veriləcək əmlak əvvəlcədən razılaşdırıla bilər ki, bu da gələcəkdə yarana biləcək məhkəmə mübahisələrinin qarşısını almağa kömək edir.
Nikah müqaviləsində, həmçinin ehtiyacı olan tərəfin saxlanılması ilə bağlı ödəniş qaydaları da müəyyən edilə bilər. Müqavilə yazılı formada bağlanmalı və mütləq notariat qaydasında təsdiqlənməlidir. Nikahın dövlət qeydiyyatına qədər bağlanmış müqavilə nikah qeydə alındığı gündən qüvvəyə minir.
Lakin elə məsələlər var ki, onlar nikah müqaviləsi ilə tənzimlənə bilməz. Bunlara tərəflərin hüquq və fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması, uşaqlarla bağlı valideyn hüquq və vəzifələrinin müəyyən edilməsi, ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətləri, həmçinin tərəflərdən birini açıq şəkildə əlverişsiz vəziyyətə salan şərtlər daxildir", – deyə hüquqşünas qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:00 / 17.06.2026
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Hazırda oxunan: Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Hazırda oxunan: Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
619828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































