Şirkət sahibləri arasında münasibətlər BELƏ TƏNZİMLƏNƏCƏK

Hazırda oxunan: Şirkət sahibləri arasında münasibətlər BELƏ TƏNZİMLƏNƏCƏK

619804

Şirkət sahibləri arasında münasibətləri tənzimləyən “korporativ müqavilə” institutu yaradılır.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
 

Layihəyə əsasən, məhdud məsuliyyətli cəmiyyətlərin iştirakçıları, səhmdar cəmiyyətlərinin səhmdarları, eləcə də zəruri hallarda şirkətin özü öz aralarında korporativ müqavilə bağlaya biləcəklər. Bu müqavilə vasitəsilə tərəflər şirkətin idarə olunması, səsvermə qaydaları, pay və səhmlərin alqı-satqısı, investisiyaların qorunması və digər korporativ münasibətləri əvvəlcədən tənzimləyə biləcəklər.


Sənədə görə, korporativ müqavilədə iştirakçıların ümumi yığıncaqda necə səs verəcəyi, pay və səhmlərin hansı şərtlərlə satılacağı, şirkətin idarəetmə orqanlarının formalaşdırılması, investisiyaların istifadəsinə nəzarət mexanizmləri, habelə tərəflər arasında yarana biləcək mübahisələrin həlli qaydaları müəyyən edilə biləcək.

Layihə investorların hüquqlarının qorunmasına yönəlmiş bir sıra yeni mexanizmləri də nəzərdə tutur. Belə ki, şirkətin ləğvi və ya satışı zamanı müəyyən investorlara yatırdıqları vəsaiti digər iştirakçılardan əvvəl geri almaq hüququ verilə bilər.

Həmçinin gələcəkdə daha aşağı qiymətlə yeni səhmlər buraxıldığı halda investorların paylarının dəyərinin azalmasının qarşısını alan xüsusi müdafiə mexanizmlərinin tətbiqi mümkün olacaq.

Bundan başqa, müəyyən kateqoriya investorlar üçün veto hüququnun müəyyən edilməsi, şirkətin vacib qərarlarının onların razılığı olmadan qəbul edilməməsi, imtiyazlı səhmlərin adi səhmlərə çevrilməsi və az paya malik iştirakçıların hüquqlarının qorunması ilə bağlı müddəalar da korporativ müqavilədə əks oluna biləcək.

Layihəyə əsasən, korporativ müqavilə notarial qaydada təsdiq edilmədən yazılı formada bağlanacaq. Müqavilə yalnız onu imzalayan tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olacaq və tərəflər arasındakı münasibətlərdə bəzi hallarda şirkətin nizamnaməsindən üstün hüquqi qüvvəyə sahib olacaq.

Dəyişikliklər xüsusilə startaplar, vençur investorları və bir neçə təsisçisi olan şirkətlər üçün beynəlxalq praktikada geniş istifadə olunan hüquqi mexanizmlərin Azərbaycan qanunvericiliyinə gətirilməsini nəzərdə tutur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin