İqbal Ağazadə: “Bizim taksi sürücüsü işləməyimizə ehtiyacımız yoxdur”
Mirmahmud Mirəlioğlu: “Azərbaycanda hər şey gün kimi aydındır”
Əli Əliyev: “Bu kimi kampaniyaların Azərbaycanda hansı effekt verəcəyi qeyri-müəyyəndir”
Norveçin baş naziri Yens Stoltenberq parlament seçkiləri ərəfisndə ictimai rəyi öyrənmək üçün taksi sürücüsü kimi fəaliyyətə başlayıb. Norveç baş nazirinin bu addımı Azərbaycanda prezidentliyə namizədlərin ictimai rəyi öyrənmək üsullarını gündəmə gətirib. Lakin Moderator.az saytına açıqlama verən namizədlərin sözlərindən bəlli olub ki, onların bir çoxu ictimai rəyi hansısa məxsusi üsullarla öyrənməyi lazımlı hesab etmir.
Ümid sədri İqbal Ağazadənin sözlərinə görə, onlar ictimai rəyi kifayət qədər yaxından izləyirlər və bu səbəbdən də bunu hansısa xüsusi üsullarla öyrənməyə ehtiyac duymurlar: “Görünür Norveçin baş naziri daim kabinetdə oturduğu üçün ictimai rəyi bilmir. Lakin biz bütün günü ictimaiyyətin arasındayıq və ictimai rəyi yaxşı bilirk. Buna görə də bundan narahatlıq duymaq lazım deyil və taksi sürücüsü işləməyimizə də ehtiyac yoxdur”.
KXCP sədri Mirmahmud Mirəlioğlu da hesab edir ki, Azərbaycanda bu kimi üsulların səmərəliliyi yüksək ola bilməz: “Azərbaycanda hər şey gün kimi aydındır. Azərbaycan insanı seçkiyə, namizədə münasibətini birmənalı şəkildə ortaya qoymur. Lazım olanda öz mövqeyini qısa zamanda 180 dərəcə dəyişə bilir. Buna görə də istənilən rəy sorğusunun nəticəsi ilə real nəticələr arasında həmişə bir təzad olur. Çünki bizdə rəy sorğusu keçərənlər də, rəy bildirənlər də sabit mövqeli insanlar deyillər”.
VİP sədri Əli Əliyev isə hesab edir ki, bu cür kampaniyalar daha çox yüksək siyasi mədəniyyətə malik ölkələr üçün xarakterikdir: “Norveçdə baş verən bu hadisə siyasi kampaniyanın tərkib hissəsidir. Norveç kimi siyasi mədəniyyəti kifayət qədər yüksək olan bir dövlətdə belə bir kampaniyanın keçirilməsi uğurlu tapıntıdır. Bu baxımdan təqdir edilməlidir. Bu cür kampaniyalar Türkiyədə də keçirilir. Siyasi baxımdan oturuşmuş dövlətlərdə bu cür aksiyaların keçirilməsi çox normal qəbul edilir. Bu ölkələrdə belə kampaniyalar sözsüz ki, effekt verir. Azərbaycada isə hələlik siyasi maarif işi və siyasi ənənələr tarixi o qədər də böyük deyil. Bu kimi kampaniyaların Azərbaycanda hansı effekt verəcəyi bir qədər qeyri-müəyyən və şübhəlidir”.
Seymur Əliyev





































































































