Hər il dövlət büdcəsindən nazirliklərin inzibati binalarının təmiri məqsədilə küllü miqdarda vəsait ayrılır. Qeyd edək ki, ötən il bu məqsədlə büdcədən 700 milyon manat, son 7 ildə isə 3 milyarda yaxın vəsait sərf olunub.
Amma buna baxmayaraq, hələ də elə vacib dövlət qurumları var ki, onların inzibati binası acınacaqlı durumdadır. Belə binalardan biri də Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin inzibati binasıdır.
Bu günlərdə Moderator.az xəbər portalının əməkdaşı sözügedən binada olub və binanın giriş qapısının bərbad vəziyyətdə olmasını müşahidə edib. Şəkillərdən də göründüyü kimi, qapının istifadə müddəti çoxdan bitib, lakin onun üzərini qaşıyaraq yenidən rəngləyiblər ki, bu da elə ilk baxışdan nəzərə çarpır.
İndi hətta yaşayış binalarının belə üzlüklərlə bəzədilməsi prosesinin geniş vüsət aldığı bir zamanda Konstitutsiya Məhkəməsindəki bu acınacaqlı durumu nəylə izah oluna bilər? Bəlkə, bu elə hakimiyyətin Azərbaycan Konstitutsiyasına və onun müddəalarının qorunmasıyla məşğul olmalı olan strukturun binasına olan əsl münasibətidir?
Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.







































































































