Moderator.az parlamentin bu günki iclasında hökuməti səriştəsizlikdə və baş verənlərlə bağlı cəmiyyəti məlumatlandırmamaqda ittiham edən millət vəkili Fazil Mustafanın çıxışını sinxron olaraq təqdim edir:
"Bir çox hallarda yol verdiyimiz səhvlər, israfçılıq bizi bir daha gələcəyimiz barədə düşünməyə məcbur edir. Burada birinci növbədə hökumətin israfçı komandasının nə qədər zəif və hazırlıqsız olmasını bu devalvasiya prosesi bir daha üzə çıxardı. Xatırlayırsınızsa 21 fevral devalvasiyasından sonra bu addıma gedilmənin səbəbləri barədə cəmiyyətə normal izah verilmədi. Hakimiyyət eşalonunda olan heç bir iqtisadçı sinəsini qabağa verib söyləmək istəmədi ki, nə baş verir və niyə bu addımları atırıq. Mən xatırlayıram ki, bizim bu məclisdə bir hörmətli Zahid Oruc sinəsini qabağa verib cəsarətlə bunun haqlı bir addım olduğunu, dünya iqtisadi sistemi ilə əlaqəli bir proses olduğunu sübut eləməyə çalışdı. Demək istədiyim odur ki, bu dəfə də 50 faizlik devalvasiya baş verib. Ölkə əhalisi istər orta təbəqə olsun, istər zəngin, 50 faiz yoxsullaşıb və yoxsullaşmadan sonra hamı başa düşür ki, dünyada baş verən proseslə bağlıdır. Amma çıxış yolu ilə bağlı insanlara konkret olaraq heç nə deyilmir. Yəni konkret olaraq inhisarçılıq ləğv olunacaqmı, idxal-ixrac prosesində şəffaflıq tam mənada təmin olunacaqmı? Azərbaycan insanı təşəbbüskar insandır. Ona imkan yaradaq ki, öz yükünü çəkə bilsin. Onsuz da dövlət bu boyda yükün altına girə bilmir. Neçə ki, bank kreditləri ilə bağlı Mərkəzi Bankın açıqlaması var ki, tutaq ki, “Naxçıvanbank”x9dın atdığı addımı təkrarlaya bilmir, çünki orda söhbət 1 milyon manat vəsaitdən getdiyinə görə bu problemi həll etmək nisbətən rahatdır, amma ölkə üzrə buna getmək mümkün deyil. Yəni dövlətin bank sektoru vasitəsi ilə vətəndaşın götürdüyü kreditə görə düşdüyü ağır vəziyyəti ortadan qaldırmaq imkanı yoxdur. Belə bir vəziyyətdə tutaq ki, möhtəkir tutmaq, sahibkarları günahkar çıxarmaq əvəzinə, “Sədərək”x9ddə, “Binə”x9ddə malı əlində qaldığından acınacaqlı durumda olan vətəndaşların vəziyyətini düşünürək konkret addımlar atılmalıdır. Bu addımlar da birinci növbədə insanların heç olmasa bu situasiyada vəziyyətinin yüngülləşdirilməsi üçün müəyyən islahatların aparılmasıdır Dövlət komitələrinin, nazirliklərin sayı azaldılmalıdır, bəzi icra hakimiyyətlərinə verilən xərclər azaldılmalıdır. Qənaət birinci dövlətdən, yuxarı eşalondan başlamalıdır ki, buna aşağılar da alışa bilsin. Əsas problemimiz məncə budur. Bu istiqamətdə dövlət siyasəti vətəndaşa çatdırılmalıdır. Məhz bu siyasət vətəndaşa çatdırılmadığına görə hamı tərəddüd içindədir".


































































































