Nəslillərarası “SAVAŞ” - Öz böyütdüyünü bəyənməyən valideynlər, yoxsa “at oynadan” övladlar?

Hazırda oxunan: Nəslillərarası “SAVAŞ” - Öz böyütdüyünü bəyənməyən valideynlər, yoxsa “at oynadan” övladlar?

610389

Nəsillərarası “savaş” – hər nəslin özündən əvvəlkini və sonrakını bəyənməməsi bütün dövrlərdə olub. Özlərinə görə hər iki tərəfin haqlı tərəfləri də olduğu üçün məşhur “Atalar və oğullar” dilemması heç vaxt məntiqi sonluğuna çata bilməyəcək.

Valideynlərindən çox zəmanələrinə bənzəyən müasir övladlar barədə geniş yayılmış bir təsəvvür var:

“indiki uşaqlar” daha zəif və zərifdirlər. Buna görə də hətta sosioloji termin yaradılıb – “Şahzadələr generasiyası”. Z nəslinin nümayəndələrini nəzərdə tutan bu termin tələffüz olaraq gözəl səslənsə də, gənc nəslin həssas, kövrək, çətinliklərə və təzyiqlərə qarşı dözümsüzlüyünü əks etdirən mənfi və alçaldıcı bir deyimdir.

Maraqlıdır ki, yeni nəsildən şikayət edənlər də elə bu nəsli yetişdirən böyüklərdir. Bəs indi niyə Frankenşteynlər öz yaratdıqları “monstr”larını bəyənmirlər?

Psixoloq Vəfa Əkbər Bizim.Media-ya bildirdi ki, Z nəsli düşünüldüyü qədər də zəif və zərif deyil, sadəcə onların prioritetləri başqadır.

“Keçmiş nəsil daha çox fiziki sağ qalma, sosial yüksəliş üçün enerjisini sərf edirdisə, yeni nəsil daha çox özünü ifadəetmə, psixoloji rifah, rəqəmsal mühitdə varolma uğrunda mübarizə aparır. Amma həqiqətən də, həyatın təbii çətinliklərinə, məsələn, məsuliyyət, əmək, dözümlülük hazır olmayan bu fərdlər üçün sosial çətinliklər dünyanın yükü kimi ağır gəlir”.

“İndi uşaq ailənin idarəçisinə, valideyn isə icraçıya çevrilib”

Problemin digər tərəfi də bu gün valideynlərin öz uşaqları ilə ehtiyatla davranması, onlara iş buyura, danlaya bilməməsidir. Çünki “şahzadə”lər  onsuz da əmrə tabe olmayıb nökər-niyazın xidmət etməsini gözləyəcəklər. Bütün bunlar əslində valideynin həddindən artıq qoruyucu funksiyası ilə sağlam dəstək arasında sərhədi tuta bilməməsindən irəli gəlir.  

Psixoloq vurğuladı ki, həddindən artıq qorunma daha pisdir. Uşaq yetkinlik dövründə çətinliklərlə üzləşməlidir ki, “immunitet” qazansın.

“İndi valideynlər pis ana-ata kimi görünməkdən, övladını incitməkdən, xətrinə dəyməkdən çəkinirlər. Çox vaxt tərbiyə etmək əvəzinə uşağın rəğbətini qazanmağa fokuslanırlar. Bu qorxu getdikcə valideyni daha da ehtiyatlı edir və nəticədə ailədə nizam pozulur. Uşaq ailənin idarəçisinə, valideyn isə onun istəklərini yerinə yetirən içraçıya çevrilib.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin