Avropa siyasi institularında korrupsiyaya halları növbəti dəfə ifşa edilib. Belə ki, Avropa qurumlarında erməni lobbisinin fəallığı və Avropa İttifaqının yüksək rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını ifşa edən video üzə çıxıb.
Videoda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo və onun oğlu Tomasın əks olunduğu video görüntülərdən gedir. Videoda ata və oğul məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə danışıblar.
Luis Okampo çəkinmədən komandasında əvvəllər Avropa Parlamentində yüksək vəzifələr tutmuş şəxslərin olduğunu da bildirib. Onun açıqlamasından bəlli olur ki, onlardan biri də vaxtilə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı vəzifəsini tutan Cozef Borreldir. Okampo bildirir ki, bu adam indi Avropa Parlamentində məhz onun üçün işləyir. Hətta o qeyd edir ki, Avropa Parlamentində çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə təzyiq göstərə, beləliklə Avropa siyasətini formalaşdıra bilir.
Okampo-erməni lobbisi bağlantıları
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, hazırda Okampoya Ermənistan hökumətinin maliyyə dəstəyi dayandırılıb:
“Okamponun müəyyən maliyyə almaq müqabilində fəaliyyət göstərdiyi heç kimə sirr deyildi. Maraqlısı odur ki, 2023-cü ilə qədər Azərbaycana qarşı yönələn bu işdə Ermənistan hökuməti də iştirak edirdi. Hazırda isə Okampo Ermənistan hökumətindən maliyyə almır.
Bu səbəbdən də Okampo indi öz xidmətlərini daha çox Avropadakı erməni diasporasına təklif edir. Belədə onlardan pul alaraq, Qarabağ erməniləri mövzusunu aktual saxlamaqla bağlı təkliflərlə çıxış edirlər. Həmin təkliflər arasında da avropalı siyasilərin satın alınması, Avropa Parlamentində fəaliyyət və informasiya xarakterli işlərin aparılması əsas yer tutur.
Paşinyan hakimiyyəti bu mövzunu bağlamaq istəsə də, erməni diasporu, xüsusən də rusiyapərəst qüvvələr fərqli düşünməkdə davam edirlər. Onlar korrupsiyalaşmış insanlar vasitəsilə mövzunun ən azından informasiya səviyyəsində aktuallığının qorunub saxlanılmasına güc və resurs sərf erdirlər”.
Fərhad Məmmədov Avropa İttifaqının “hibrid hücum” taktikasından da söz açıb:
“Aİ bir tərəfdən hibrid hücumlara qarşı Ermənistan hökumətinin dayanıqlığını artırmaq üçün İrəvana ikinci missiyasını yollayır. Digər tərəfdən, bu hibrid hücumların bir qismi məhz Avropada formalaşır. Paşinyan Qarabağ mövzusunu qapatmaqla bağlı bəyanatlar verir. Lakin ona qarşı olan qüvvələrin əsas tezisi Qarabağ erməniləri məsələsinə aid olduğundan onu dəstəkləyən siyasi qruplar da məhz Avropada formalaşır. Burada qeyri-səmimilik var. Aİ Paşinyan hakimiyyətini həqiqətən qorumaq istəyirsə, ilk növbədə öz ərazisində korrupsiyaya bulaşmış siyasiləri aşkarlamalı və onları cəzalandırmalıdır”.
Rüfət Sultan, Bizim.Media

































































































