“Bəzən sosial şəbəkədə hansısa mövzuya fikir bildirirəm, sonradan düşünürəm ki, bunu düzgün anlamayacaqlar. Axı bütün insanlar sağlam fikirli deyil. Hamı sağlam fikirli olsaydı, bizim problemimiz olmazdı. Sosial şəbəkədə oturan insanların əksəriyyəti bekardır, işləri yoxdur. Əlinə bir telefon alıb, bir neçə profil açıb, ona-buna təhqirlər yazıb. Əksər hallarda bunu xalqın nümayəndələri yox, müğənnilər edir. Bəzən çox sevdiyim sənət yoldaşlarımı paylaşırdılar. İnsanlar doluşub rəy yazırdılar. Həmin səhifələri işlədən insanlara yazırdım ki, etməyin, olmaz. Onların yazdığı rəylər sənətçiyə axı çox pis təsir edir. Heç kimi qınamaq olmaz, heç kim istəməz ki, pis duruma düşsün, onu tənqid, təhqir etsinlər. Düzdür, buna şərait yaradan həmkarlarım da var”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni Nadir Qafarzadə deyib.

“Mən və mənim zamanımda sənətə gələn müğənnilər sosial şəbəkələrdən məşhurlaşmayıblar. Biz dövlət televiziyasında çıxış edirdik, qarşımızda da böyük sənətkarlar otururdu. Studiyalar, kompyuterlər yox idi ki, mahnılar üzə çıxaraq. Bu gün texnologiya çox yaxşı inkişaf edib. Sən burada mahnı oxuyursan, onu Türkiyəyə aranjmana göndərirsən. Bu gün müğənniləri də qınamaq olmaz. Hər kəs bacardığını yaxşı yaxud pis edir. O vaxt şou-biznesin yaxşı vaxtları var idi, rəqabət çox idi. İndi heç klip çəkdirən də yoxdur. Əvvəl zəhmətkeş insanlar çox idi”, - deyə sənətçi bildirib.
Müğənni bildirib ki, seçilmiş sənət sahəsi ilə məşğul olduğu üçün çox xoşbəxtdir.

“Bir insanın sevincini sevinclə qarşılayıram, kədərinə isə ondan çox üzülürəm. 52 yaşım var, bundan sonra bu yaşa qədərini yaşayacam yaxud yaşamayacam heç kim bilmir. Onlar keçdi! Yaradıcı insanın, aktyorun, müğənninin bir şeyi yaxşıdır ki, ondan tarixdə nəsə qalır. İllər ötəcək, bizlərdən nəsə qalacaq. Tamaşaçı hər zaman bizi görəcək, biz olacağıq. Amma elə insanlar var ki, peşələri gözəldir, tarixdə qalma ehtimalları azdır. Ona görə də biz xoşbəxtlərdənik ki, bizdən sonra da bizi yaşadanlar olacaq. Allahıma şükür edirəm, deyirəm ki, yaxşı ki, mənə bu sənəti verdin”, - deyə müğənni Nadir Qafarzadə deyib.
Nadir Qafarzadə arzularından da danışıb.

“Arzularım çoxdur. İnsanın arzuları bitmir. Arzudan arzu doğur. Ən böyük istəyim övladlarımla, ailəmlə bağlıdır. Onları xoşbəxt görmək istəyirəm. İnsanlar adətən özlərinə uzun ömür istəyirlər. Mən uzun ömürlə yanaşı, həm də can sağlığı istəyirəm. Neynirəm o uzun ömürü ki, mən xəstə olacam? Allah məni heç kimə möhtac etməsin. Ən qorxduğum şey xəstələnib, yatağa düşməyimdir. Allah bu günləri mənə yaşatmasın”, - deyə sənətçi bildirib.




































































































