Ermənistanda elektrik enerjisinin qiymətinin artması səbəbi ilə baş verən hadisələr tədricən siyasi xarakter almaqdadır. Məhz bu baxımdan düşmən ölkədə yaşananlar xeyli ziddiyyətli görünür. Ziddiyyətli məqam ondan ibarətdir ki, iqtisadi sıxıntıların getdikcə daha çox yaşandığı, sosial durumun ağırlaşdığı Ermənistanda tariflər rusun sahiblik etdiyi şirkətin təklifləri (Ermənistanın forpost olduğunu nəzərə alsaq, əslində, tələbləri ”“ N.M) əsasında, özü də Qərbin bu ölkəni Rusiyanın təsiri altından çıxarmaq üçün çox ciddi səy göstərdiyi bir vaxtda qaldırılır.
Göründüyü kimi, ortada çox böyük paradoks var. Təsəvvür edirsinizmi, regionda özünün jandarm rolunu oynayan, maraqlarının təmin edilməsi, mənafelərinin qorunub saxlanması üçün istifadə etdiyi Ermənistanı heç bir vəchlə əldən buraxmaq istəməyən, bundan ötrü ölüm-qalım savaşına girməyə hazır olan Rusiya bu ölkədə qarşıdurma yaradır (Hər halda Ermənistandakı rus şirkətinin belə həssas məsələ ilə bağlı rəsmi Moskvanın razılığını almadan tarifləri qaldırması inandırıcı görünmür ”“ N.M). Yəni Qərbin uzun illərdir marıqda dayanıb ən kiçik fürsətdən belə yararlanmağa çalışdığının fərqində olan Kreml atdığı addımların bugünkü hadisələrlə nəticələnə biləcəyini doğrudanmı gözləmirdi?
Şübhəsiz ki, bu da ağlabatan deyil. Əks halda problemi yerindəcə həll edərdi. Narazılığa əvvəlcə oturmaqdan başlayan, daha sonra hər iki mənada ayağa qalxan ermənilərin, yenə bütün mənalarda arxasında Qərb barmağının olduğu barədə səslənən fikirlər də məhz yuxarıdakı ziddiyyətdən qaynaqlanır.
Şübhəsiz ki, əsrlərdir Ermənistanın arxasında dayanan Rusiyanın öz mövqelərini könüllü şəkildə tərk etməsi mümkünsüzdür. İrəvandakı üsyanı amansızlıqla yatırmaq üçün Moskvanın istənilən vasitəyə əl ata biləcəyi də heç kəsdə şübhə doğurmur. Bir şərtlə ki, proseslər doğrudan da Qərbin dəstəyi və nəzarəti altında getsin. Əks halda Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılaraq başqa bir rusofilin iqtidara gətirilməsi erməni əhalisinin tarixə düşəcək nifrətini qazanmamaq üçün Kremldən ötrü ən əlverişli seçim olardı.
Əlbəttə, Ermənistan iqtisadiyyatının, infrastrukturunun, müdafiə sisteminin Rusiyadan asılılığı, bağlılığı Qərbin bu tezliklə İrəvanda oturmasına birmənalı şəkildə imkan vermir. Bir qədər primitiv yanaşma olsa da, hadisələrin arxasında dayanmaq Rusiyaya, sadəcə, Ermənistandakı Qərbyönlüləri tam şəkildə aşkara çıxarmaq üçün lazım ola bilərdi. Bəs ümumiyyətlə, Qərbin yaxın gələcəkdə Ermənistan, Azərbaycan və Belorusda möhkəmlənməsi ehtimal olunandırmı? Bu məsələni birmənalı dəyərləndirmək çətin olsa da, hər halda Ukrayna və elə Gürcüstanla bağlı da yaşananlar inandırıcı fikir söyləməyə əsas verir.
Bəli, nə qədər ki, ABŞ və Avropa Birliyi Gürcüstanı qoruya bilməyibsə və hadisələr Ukrayna probleminin davam etməsi fonunda baş verirsə, Şərq Tərəfdaşlığı çərçivəsində assosiasiya sazişini imzalamaq üçün Azərbaycana təzyiq göstərməyə artıq onların nə mənəvi, nə də hüquqi əsasları yoxdur. Əgər Ukraynanı qoruya bilməyiblərsə, onun iqtisadiyyatı çökürsə, ərazi bütövlüyü pozulubsa, onda assosiasiya sazişini imzalamaqdan, Rusiya və onun yaratdığı qurumlardan imtina etmək üçün Azərbaycanın və digərlərinin əlinə çox ciddi əsaslar vermiş olur. Ən azı bu baxımdan, hətta Qərbin dəstəyi ilə baş vermiş olsa belə Ermənistandakı hadisələrin Rusiyanın bu ölkədən qovulmasına gətirib çıxaracağına ümid bəsləmək sadəlövhlük olardı.
Lakin bir anlığa təsəvvür edək ki, Qərb Ermənistanı bu gün, ya sabah Moskvanın orbitindən çıxarıb, özünün təsir dairəsinə salır. Bu halda nə baş verərdi? Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanı nələr gözləyə bilər?
Əvvəlcə onu xatırladaq ki, ABŞ və Qərb ölkələri heç bir beynəlxalq qanunlara məhəl qoymadan (Hərçənd BMT-nin Təhlükəsizlik Şurasına 5 daimi üzvün seçilməsi və onlara veto hüququnun verilməsinin özü ən böyük ədalətsizlikdir) İraqın, Əfqanıstanın, Liviyanın ərazilərini işğal edib. İşğal etmədikləri ölkələrin isə sərvətləri sorulub aparılır. Artıq birmənalı şəkildə demək olar ki, Qərbdə demokratiya, insan hüquqları məsələsi əksər hallarda formal xarakter daşıyır. Və bu, ölkələrin siyasi maraqlarını təmin etmək üçün ortaya atılır
Bütün bunları nəzərə alaraq artıq birmənalı şəkildə deyə bilərik ki, istənilən prizmalardan baxanda Qərbin təsiri altındakı Ermənistan, Rusiyanın forpostu olan Ermənistandan daha təhlükəli görünür. AŞPA-nın plenar iclasında ümumi səsvermə ilə Qarabağın işğal faktının qətnamə layihəsindən çıxarılması və BMT baş katibi Pan Gi Munnun assambleya iştirakçıları qarşısında çıxışı zamanı “işğal”x9d sözünü işlətməməsi də bunu bir daha göstərdi. Bu baxımdan Ermənistanda Qərbyönlü hakimiyyətin formalaşması ehtimalına sevinənlər tələsməməlidirlər.
Qərb də, Rusiya da necə deyərlər, eyni medalın müxtəlif üzləridir. Xristian həmrəyliyi açıq-aşkar ortadadır. Qərb bizi nə Avropa Birliyinə, nə də nə vaxtsa NATO-ya Ermənistandan ayrıca qəbul etməyəcək. Avropa Şurasına üzvlüyümüz heç nəyi dəyişmədiyi kimi, digər Avropa qurumlarına üzvlüyümüz də heç nəyi dəyişməyəcək. Yəni Qarabağ məsələsinə yanaşmada uzun illərdir Qərblə Rusiyanın hansısa fərqi müşahidə edilibmi? Əsla. Onların heç biri problemin Azərbaycanın xeyrinə, ərazi bürövlüyümüz, suverenliyimiz çərçivəsində ədalətli həllini istəmir. Bunu anlamaq üçün daha neçə illər keçməlidir ki?
Doğrudur, belə düşünənlər də var ki, Azərbaycan Qarabağda savaşa başlayacağı halda Rusiya cəbhə bölgəsinə özünün əsgəri qüvvəsini yerləşdirsə də, Qərb bunu etməz. Ola bilsin ki, belədir. Amma əsgəri qüvvədən istifadə etməsə də, Qərbin hər halda savaşı əngəlləmək üçün başqa vasitələrdən istifadə edəcəyi şübhəsizdir. Və düşünürəm ki, Qərb Ermənistanda qələbə çalacağı təqdirdə yenə də “demokratiya”x9ddan istifadə olunacaq, Azərbaycana “demokratik Ermənistan hakimiyyətinə güzəştə getməyi”x9d təklif edəcək. Onlar bizim başqa cür düşünməyimiz üçün indiyə qədər heç bir əsas verməyiblər.
Nəriman Mahmud
Yazıçı-publisist



































































































